четверг, 13 декабря 2012 г.

понедельник, 18 июня 2012 г.

Səni sevmək çətindir, Vətən


Vaqif Azəryar
                                      Səni sevmək çətindir , Vətən!
  Son vaxtlar incəsənət aləmində müxtəlif formatlarda bir-birini alçaltmağa can atan mövqe toqquşmaları baş verir. Bu,  cəmiyyətdəki dərin böhranın təzahürüdür. Mən öz mövqeymi sənətimlə, işimlə bildirməyə üstünlük vermişəm. Yəni quruluş verdiyim və aktyor kimi iştirak etdiyim tamaşalarla,  çəkdiyim filmlərin vasitəsiylə.Özü də alçaltmaq və təhqir cəhdi mənlik deyil. Ancaq satira, lap elə sarkazm, qrotesk mənlikdir. Özü də tək elə bunlar yox...
 İndi Azərbaycanda 800.000 iş yeri açıldığından mənim bu işlə məşğul olmağım üçün heç bir şərait yoxdur.Yəqin 800.001 iş yeri açılmalıymış ki, mən sənətimlə məşğul olum. Bu səbəbdən də mən məcburam mövqeyimi yazıyla bildirim. Bəlkə, elə bu,  yaxşılığa doğrudur?! Nə isə...
          Mən sözümü daha çox gənclərə yönəldirəm. Çünki sabah onlarındır. Bir şey etsə onlar edəcək.
I
İtirilmiş həqiqət.
         Cəmiyyətdə hap-gop baş alıb gedir. Söz öz müstəqim mənasını itirib. Yəni, söz və onun ifadə etdiyi məna bir-birinə uyğun gəlmir. Bir çox sözlər ancaq səslənir, yəni havanı titrədir, heç bir əmələ, işə çevrilmir. “Mənlik”, “Ləyaqət” boş sözlərdir. Bu hiss, bu insani keyfiyyət  həqarət obyektinə çevrilib. Nə “Mənlik”, nə “Ləyaqət”! Bu sözlər gülüş doğurur, lap ucuz şouların, komediyaların kadrarxası fonoqramında olduğu kimi: ha-ha, he-he, hiii-hih!
        Şekspir deyirdi ki “İndi ləyaqətli olmaq 10 min adamdan biri olmaq deməkdir”. Bizim zamanda, görəsən, bu nisbət neçənin neçəyə olan nisbətidir?
        Müharibə vəziyyətində yaşayan hər bir ölkədə olduğu kimi bizim cəmiyyətimiz də dərin psixoloji gərginlik, nevroz içindədir. Müvəqqəti olsa da, müharibəni  uduzmuş, bir milyon qaçqını olan məmləkətin vətəndaşı kimi ilk növbədə mənliyimiz, ləyaqətimiz alçalıb. Etiraf etsək də, etməsək də, bu, belədir. Əslində bu alçalma, təhqirolma hissini yaşamaq çox təbiidir. Ancaq bir şey var ki, bu hissi məhz mənliyi, ləyaqəti olan yaşaya bilər. Indi fikirləşirəm, görən adam mənliyini, ləyaqətini itirəndən sonra alçalır və torpağını, vətənini itirir, yoxsa torpağı, vətəni itirəndən sonra mənliyini, ləyaqətini itirib alçalır? Ardıcıllığı heç cürə müəyyən edə bilmirəm. Burda, necə deyərlər, nevroz olmayasan neyləyəsən? Yaxşı ki, dəli olmamışıq!
Yox, axı, deyəsən səhv elədim. Əslində dəli olmağın əsl vaxtı çatıb. Mənliyini, Ləyaqətini, Şərəfini qaytarmağın yolunda sözün əsl mənasında Dəlı, Məcnun! Bəli, dəli olmalısan ki, sənin mənliyinə, ləyaqətinə, şərəfinə təcavüz edən kim olursa-olsun, dəhşətdən bağrı yarılsın. Bu dünyada nə eləyiblərsə, dəlilər ediblər. Ancaq bu cür dəlilik üçün gərək çox büyük sevgin, eşqin olsun! O qədər sevgimiz, eşqimiz varmı?  Bu sualı verirəm və bir cavabı eşitməkdən çox qorxuram: - bəli, var! Bu cavabda gözə kül üfürmək, baş aldatmaq cəhdini, bir sözlə hap-gopu görmək çox kədərlidir. Bu gün Azərbaycanda pula, vəzifəyə olan istəkdən güclü bir istək, sevgi yoxdur. Məhz bu istək dəlilik, manyaklıq  dərəcəsindədir. Belə bir bir atmosferdə “mənlik”. “ləyaqət” sözü ancaq gülüş doğurur:- ha-ha, he-he, hiii-hih!
Ancaq deyilənə görə söz, axırıncı gülənindir.
Bəli, cəmiyyətimiz nevroz içindədir və ətrafımızda gördüyümüz isteriya, psixopatiya da bunun klassik ifadəsidir. Bu gün Azərbaycan yaradıcı insanlarının, incəsənətinin də əsas vəzifəsi cəmiyyətə bu xəstəlikdən çıxmaqda kömək etməkdir.  Bunun üçün birinci növbədə özümüz  özümüzlə səmimi olmalıyıq. Yekəxanalıqdan və yekəbaşlıqdan uzaq olmalıyıq. Etiraf etməliyik ki, vəziyyətimiz acınacaqlıdır. Və bu etirafdan sonra hiss etsək ki, ləyaqətimizin alçalmasıyla, mənliyimizin tapdadanmasıyla barışmiriq, və görsək  ki, bu hiss bizi yandırıb tökür, onda nəyin düz, nəyin səhv olduğu haqda düşünməliyik. Yalnız belə olduğu halda bizim yaratdığımizin bir mənası ola bilər, ləyaqətimiz, mənliyimiz öz yerini tutar.
Hökumət və qeyri hökumət qurumları daha çox rəqəmlərdə ifadə olunan manipulyasiyaya üstünlük verirlər, hesab edirlər ki, hesabatlarında rəqəmlərlə gözəl mənzərə yaratmaqla nəyisə həll edirlər. Və adam başına nə qədərsə nəyin düşdüyünün ya düşmədiyinin artımını fəxrlə bəyan edirlər. Və bununla mənlik, ləyaqətin ucaldığını güman edirlər.
 Yəni 7 manatı olanın mənliyinin 3 manat olandan daha üstün olduğunu düşünürlər. Ona görə bahalı maşını olan ucuz maşını olana, ucuz maşını olan piyadaya həqarətlə baxır. Əslində bu hal mənlik və ləyaqəti yoxların əxlaqından doğa bilər. Sözsüz ki, mən maddi firavanlığın əksinə deyiləm və insanın maddı durumunun daim artmasının tərəfdarıyam. Ancaq mənim üçün ilk olaraq adam başına nə qədər haqsızlığın, dərd-bəlanın düşdüyünün hesabını aparmaqdır.  Dostayevski demişkən, dünyanın heç bir firavanlığı günahsız bir körpənin göz yaşına dəyəməz.
Alçaldılan, təhqir olunan insan görəndə çox kədərlənirəm. Yekəxana, yekəbaş insan görəndə əsəbləşirəm. Beləcə, əsəb və kədər içimi dağıdır. Məsələ  heç mənim halımda da deyil. Məsələ bu halı ifadə etmək üçün meydanın olmamasıdır.
Gəlin məsələnin cavabını axtaraq.
Cavabi- məsələ:
-       Deyir çörəyi ver çörəkçiyə birini də üctəlik. Sanki sadə bir həqiqətdir, yəni hər iş yerini ver bacarana, ustaya, peşəkara. Burda aydın olmayan nə var ki?
-       Ancaq məncə, burada araşdırılmalı məqamlar var. Əvvəla çörəyi çörəkçiyə kim verməlidir, onun çörəkçi olduğunu kim müəyyən etməlidir?
-       Yəqin ki, bu işə səlahiyyəti olan hər hansı bir şəxs.
-       Deməli, bu məsəli personajlara ayırsaq, burda üç iştirakçının olduğunu görərik. Biri Çörəkçi, biri Səlahiyyətli şəxs. Biri də “çörəyi ver çörəkçiyə, birini də üstəlik” deyən - Məsləhətçi.
Bir halda ki, məsəli kiçik bir səhnəciyə çevirdik, gəlin onun personajlarının mümkün olan münasibətlərini araşdıraq...




II
“Çörəyi ver çörəkçiyə.”
Səhnəcik.
Səlahiyyətli şəxs - (əlində  çörək çox ağıllı və qayğılı bir pozada, üzülərək):  - Çörəyi kimə tapşıraq, bu vacib işə kim baxsın!?  (O əlində çörək üzülərkən əlində bir qəşəng çomaq olan ağsaqqal peyda olur. O,  Məsləhətçidir.)
 Məsləhətçi: - Başım çıxmır sən niyə üzülürsən? Bu ki, çox sadə məsələdir. Çörəyi ver çörəkçiyə, o əlindəki çörəyi də üstəlik. Vəssəlam-şüdtəmam. (Ağsaqqal bu sözləri deyib çomağı üç dəfə yerə vurur və bu anda digər tərəfdən Çörəkçi görünür.)
Çörəkçi (Səlahiyyətli adama yaxınlaşıb):-  Mən hər cür çörək bişirə bilirəm. ( başlayır çörək bişirməyə).
Bəli, məsələ sanki həll olunur. Ancaq problem bundan sonra başlayır.
               Səlahiyyətli adamla Çörəkçi yola getmir. Çörəkçinin nüfuzu artır. Bu, Səlahiyyətli adamın xoşuna gəlmir. O başlayır çörəkçinin işinə qarışmağa, ona çörəyi bişirməyin qaydalarını öyrətməyə. Xəmir necə olsun, maya necə olsun, duz necə olsun DİKTƏ eləməyə.
Çörəkçi - Mənim peşəkarlığım, ləyaqət və mənliyim sən deyən kimi hərəkət etməyə imkan vermir!
Səlahiyyətli adam: - Sənin peşəkarlığın, ləyaqət və mənliyin boş şeydir!
             Bu söhbətdən sonra Çörəkçi  işdən uzaqlaşır. Səlahiyyətli adam çörəkbişirməni öz əlinə alır. Bu işi ala-yarımçıq bacaran,  ancaq ləyaqətsiz və mənliksiz adamları bu işə cəlb edib başlayır çoxlu pul qazanmağa. Bu iş bütün məmləkətdə genişlənir. Səlahiyyətli adam çörəkbişirənlərin başbiləni də seçilir. Demə,  o məmləkətin bütün işlərinin BAŞBİLƏNİ adını almaq üçün sino  gedirmiş.
            Ancaq bu məmləkətdə çörəyin dadı olmur. Çörək saman dadı verir. Onu yeyən-yeyən şərəfini, ləyaqətini itirir. Bir gün Səlahiyyətli adam yuxusunda Məsləhətçini görür. Ondan soruşur ki, çörəyimizin dadı niyə yoxdur, sirr nədədir?
Məsləhətçi  - Çox sadədir, diqqətlə qulaq as. Küləklə Ləyaqət söhbət edir. Külək deyir ki, "Mən bütün dünyanı gəzərəm, bir qitədən digərinə  gedərəm, oradan başqa bir yerə. Bəs sən?" Ləyaqət cavab verir: "Mən bir az başqayam. Getdimsə, qayıtmaram".
           Səlahiyyətli adam bir şey anlamır. Onda  Məsləhətçi kədərlə  deyir:
Məsləhətçi - Onu bil ki, ləyaqət, mənlik olmayan yer  ..... xanadır və orda çörəyin dadı olmur.
Bəli, əziz oxucu, bu bir səhnəcik-pritça idi. Ancaq bu pritçada bizim reallıq əks olunub. Yəni səninlə mənim həyatım.
            Indiki həyat tərzimizdən az fərqlənən Sovet İttifaqı deyilən bir məkan var idi. Elə hey çalışırdılar ki, yeni bir adam – Sovet adamı formalaşdırsınlar. Guya, bostanda xiyar yetişdirirdilər.  Bostanda deyəndə, istixanada, yəni parnikdə. Bir şey çıxmadı. Parnikdən məhsul ala bilmədilər. Yəni, öz düsturlarına uyğun adam yetişdirə bilmədilər.
                Başa düşə bilmirəm, tarixin bu dərsi indiki əldəqayırma ideoloqlara bəs eləmir? Mən onlara sual edirəm:
-       Siz məndən parnik xiyarı yetişdirmək istəyirsiniz? Bəlkə sizin özünüz parnik xiyarısınız, bundan xəbəriniz yoxdur?!
Elə isə qulaq asın!
III
Lakeylərin hökmranlığı.
                İnsan təbiəti etibariylə - Yaradıcıdır.  Yaradıcılıq üçün ən əsas şərt – Azadlıqdır. Ancaq azad insan həyata yaradıcı yanaşa bilər. Ancaq azad insan həyatı gözəlləşdirmək, xeyrə yönəltmək, bununla da  insanın mənlik və ləyaqətini ucaltmaq iqtidarındadır.
               Azadlıq deyəndə ilk olaraq Vicdan azadlığı başa düşülür. Yalnız vicdan azadlığı olan yerdə başqa azadlıqlar da ola bilər. Vicdansızlıq hökm sürən yerdə heç bir azadlıq ola bilməz. Orda ancaq yalançılıq, saxtakarlıq, qanunsuzluq, zorakarlıq inkişaf edə bilər. Vicdan azadlığı, elədiyin hər  iş və əmələ görə məsuliyyətdir, cavabdehlikdir. Birinci növbədə öz vicdanın qarşısinda məsuliyyət. Mənlik, ləyaqət hissi də məhz bundan sonra yaranır. Bəziləri yekəbaşlığı, mənəm-mənəmliyi, yekəxanalığı  mənlik və ləyaqətlə qarışdırırlar. Ancaq onlar çox böyük səhv edirlər. Günlərin bir günü onlar bunu dərk etmək məcburiyyətində olacaqlar.
             Bəli, vicdansızlıq hökm sürən yerdə çörək, çörəkçidə olmur və ona görə də o məmləkətdə çörəyin dadı da olmur. Özü də o çörəyi yeyən kimi dönüb olursan üç nöqtə. Dərd orasındadır ki, bu saman dadı verən çörəyi, daha doğrusu, süfrə artığını, -  sənə zorla yedirtmək istəyirlər. Sən də müqavimət göstərəndə, səndən inciyirlər, işlər olur fırığ, necə deyərlər xiyar əyri bitir. Deyirlər ki, “yesən də budu, yeməsən də! Takşto gəl sən, ye!”
            Ən böyük dərd orasındadır ki, bu yemləmə - yedizdirmə işinə sənət adamları qoşulur. Bu mikrafonugöyçəklər,  ucdantutma müqtədir-korifeylər... Nə isə!
            Qətiyyətlə deyə bilərəm ki, bu zorla xiyar yemləmə-yedizdirmə əməliyyatında iştirak edən sənət adamları çoxdan ölüblər heç özlərinin də xəbəri yoxdur. Ölüblər deyəndə ki, xiyarlaşıblar. Onu da deyim ki, istedadsız insan yoxdur, yerində olmayan insan var. Bütün insanlar nədəsə istedadlıdırlar və onlar öz istedadlarına uyğun yerdə olanda həm özləri xoşbəxt olurlar, həm ətrafdakıları xoşbəxt edirlər. Cəmiyyətin quruluşu ədalətli olanda bu cür insanların sayı artır və cəmiyyət də gözəlləşir.
            Problem onda başlayır ki, vicdanın, haqqın səsi boğulur. Sənətkar haqqın səsinə xəyanət edə-edə, haqqın səsini çatdıran simasında görünmək istəyr. Bu,  misi qızıl yerinə dürtüşdürmək istəyidir. Yəni, adicə fırıldaqçılıqdır. Və bu andan mənəviyyatda çevrilmə başlayır. Sənət yoluyla avtoritet qazana bilməyən sənətkar  mənsəb, vəzifə, səlahiyyət sahibi omağa can atır. Özü də vəhşi bir ehtirasla. O hamını və hər şeyi satmağa hazır olur, təki nüfuzu olsun. Bu prosesin çox maraqlı mərhələləri var: mənsəb, vəzifə, səlahiyyət artdıqca, ləyaqət, mənlik azalır, yox olur və bunula da paralel olan-qalan istedad da boğulur, ölür. Əvvəldə qeyd etdiyim kimi xiyarlaşma başlayır.
               Artıq xiyarlaşmış sənət adamının geriyə yolu qalmır. Dəhşət bundan sonra başlayır. Bu yaradıcılıqdan qısır qalanlar ilk növbədə istedadlı və azad adamların qəniminə çevrilirlər. Bulqakovun “İt ürəyi” romanında çox dahiyanə bir epizod var :  Tibbi ekperiment nəticəsində adi itdən insana çevrilmiş Şarikov yerli bolşevik komitəsinin üzvləri ilə ərazini pişiklərdən təmizləmə əməliyyatında iştirak edir. Pişikləri axtarmaq üçün onun göstərdiyi istiqamət komitə üzvlərinin təəccübünə səbəb olur. Ondan soruşurlar ki, hardan bilirsən orda pişik var? O, bir azdan baş verəcək  divantutma aktının ləzzətini yaşaya-yaşaya cavab verir: - Mən onları ürəyimlə duyuram! 
             Azadlığı yaşadanlara lakeylərin patoloji nifrətini əks etdirən bu dahiyanə təsvir bütün zaman və məkanlara aiddir.
            Azərbaycan cəmiyyətində maraqlı bir mənzərə var. Incəsənət aləmində məmulaşmağa kütləvi bir meyl müşahidə olunur. Incəsənət adamları məmur səlahiyyətləri qazanmağa, hakim dairələrdə təmsil olunmağa can atırlar. Bunun ən əsas səbəbi odur ki,  istənilən sənət əsərinin qiyməti və istənilən sənətkarın nüfuzu hakim dairələrə yaxınlığı ilə ölçülür. Bu, xiyarı zorla yedirtməyin bir metodudur. Bu Motsartların yox, onu zəhərləyib öldürən Salyerilərin təntənəsidir. Bu, lakeylərin hökmranlığıdır.
         Ancaq əsl həqiqət dahi Füzuli dediyi kimidir:
“Ol pərivəş kim məlahət mülkünün sultanıdır,
             Hökm onun hökmüdürür, fərman onun fərmanıdır!”
IV
Torpağın sahibi.
               Yaradıcılıq prossesi nə qədər ağrılı mərhələlərdən keçsə də, yaradıcı insan üçün ondan böyük zövq ola bilməz. Özü də vacib deyil ki, bu nümunə dünya şedevrləri sırasına daxil olsun. Yetər ki, haqqa zidd olmasın, professional olsun.
               Bu gün haqqın yox, zorun tərəfində olmaq adi haldır. Bu mənəvi aşınma bütün sahələrdə professionallıq baxımından yarımçıqlıq, səviyyəsizliklə paralel gedir. Bu prosseslər bir-birindən ayrılmazdır.  Ən böyük haqsızlıq elə qeyri-professionalların iş başında olmasıdır. Zorakılıq elə burdan başlayır. Mənlık, ləyaqət də burdan tapdanmağa başlayır.
               Bəzi şeylər mənə çox qəribə görsənir. Bax, XIX əsrin axırları XX əsrin əvvəlləri Bakı, Abşeron yarmadası neft bumu yaşayırdı və Rusiya imperiyasının ucqar bir əyaləti sayılırdı. Azərbaycanda professional teatrın və kinonun yaranması bu dövrlə bağlıdır. Çox qəribədir ölkəmiz müstəmləkə şəraitində yaşayanda teatr binaları tikilirdi, yeni truppalar yaranırdı, kino sürətlə inkişaf edirdi. Bu gün teatrlar birləşdirilmək adıyla bağlanır, yeni binalar tikilmir, köhnələri isə fasiləsiz olaraq təmir olunur, teatr truppalarının bu üzdən normal iş şəraiti pozulur və onlar tədricən deqradasiyaya uğrayır. Kinostudiyanin vəziyyəti isə dəhşətli dərəcədə acınacaqlıdır. Sovet dövründə “Azərbaycanfilm” kinostudiyası üçün ayrılmış çox geniş bir sahə bu gün sektorlara bölünüb göydələnlər tikilir, ancaq kinostudiyanın öz binası bərbad vəziyyətdədir, adam binaya daxil olmağa iyrənir. Əcəba, prosses tərsinəmi gedir?!
                Elə bircə teatrların inkişafında Bakı milyonçularının gördüyü işə görə onlara möhtəşəm bir heykəl ucaldılmalıdır.  Xırdalığa varmadan böyük bir məsələni nəzərə çatdırmaq istəyirəm. O dövrdəki milyonçular üzdə idi, qanunla tanınmışdılar. Yəni, rüşvət və korrupsiya hesabına milyonlar mənimsəyib gizlənmirdilər. Ona görə mənlik və ləyaqətlə bağlı problemləri indiki qədər acınacaqlı deyildi.  Bir təsəvvür edin, həyətindən neft fontanı vuran adam dönüb olurdu bu sərvətin sahibkarı!!! Amma indi əhalinin böyük bir hissəsi, heç öz evinin sahibkarı deyil, necə deyərlər, “qanunsuz tikilidə” oturub buldozeri gözləyir. Indi özünüz müqayisə edin: o - müstəmləkə dövrü, bü- müstəqillik dövrü!
              Indi siz bir milyonçu göstərə bilərsinizmi ki, xalq tərəfindən rəğbətlə qarşılansın?! Axı, bazar iqtisadiyyatı milyonçuların olmasını, rəsmi tanınmasını, cəmiyyətdə hörmətlə qarşılanmasını zəruri edir. Hamı kölgədədir, xəlvətdədir. Milyonlarla pulu, digər vəsaiti olan var, ancaq milyonçu olan yoxdur. Ölkənin varlı olması onun vətəndaşlarının varlı olması deməkdir. Məsələ heç də varın az-çoxluğunda deyil. Məsələ hər işin şəffaf olmasındadır, mənlik və ləyaqətin tapdanmamasında, təmiz, sağlam rəqabətin bərqərar olmasındadır.
             Bu günkü dəbdəbə görməmişlıyi, harınlıq təbii sərvətimiz olan neft və qazın hesabınadır. Burda iqtisadiyyatın düzgün və rasional qurulmağı haqda söhbətin yeri yoxdur. Yaşadığımız ərazidə neft, qaz və sair sərvətin olmasında heç birimizin nə rolu var, nə də əməyi! Bununla fəxr etmək gülüncdür. Millət vəkilinin “30 milyon Almaniya üçün böyük puldur, bizim üçün böyük pul deyil” deməsi tərbiyəsizlikdir. Imkansızlıqdan həkimə getməyən, dərman pulu tapmayanların yüz minlərlə olduğu bir zamanda buna başqa nə ad verəsən?
            Bütün bunlar ona görə baş verir ki, çörək çörəkçidə deyil.
           Evi başına uçurdulanların faciəsi, cəbhə bölgəsindən hər gün əsgər və zabitlərin düşmən gülləsindən, ordudakı nizam-intizamsızlıqda ölməsi və bunun adi hala çevrilməsi, jurnalistlərin qətlə yetirilməsi, azad fikir sahiblərinin işkəncə və zorakiliğa məruz qalması, saysız digər faciələr bütün obyektivliyi ilə aşkarlanmasa inkişaf əvəzinə tənəzzülə uğrayacağıq. Özü də bu mövzular kitaba, ekrana, səhnəyə köçməyənə qədər, incəsənətin inkişafı mümkünsüzdür. Bilirsiz Üzeyir Mehdizadə adlı fenomenin əsl səbəbi nədir? Rəsmi sənət nümunələrinin əttökən mövzusuna kortəbii etiraz. Xalq səmimiliyi girdirməçilikdən çox gözəl ayrır!
           Birdəfəlik anlamaq lazımdır ki, bu günümüzün ən böyük problemi - ərazi bütövlüyümüzun bərpası - Azərbaycan vətəndaşının mənlik və ləyaqətinin bütövlüyündən keçir! Bu yolda siyasi, iqtisadi amillər nə qədər böyük rol oynayırsa, incəsənət də o qədər, bəlkə bir az da artıq  rol oynayır. Azərbaycan vətəndaşının mənliyini, ləyaqətini alçaldan, haqqını, hüququnu tapdayan istənilən əməl düşmən əməlidir, ərazi bütövlüyünün əleyhinə yonəlmiş xidmətdir. Hər bir Azərbaycan vətəndaşı o vaxt Azərbaycanlı olmağı ilə fəxr edəcək ki, özünü bu torpağın, dövlətin sahibi kimi hiss etsin!





вторник, 12 апреля 2011 г.

ordan-burdan

ordan-burdan:

….. Həyat adamın istəyinə qarşı biganə, laqeyddir. Müəyyən uyğunluqlar və ya uyğunsuzluqlar tam təsadüfdür. Bu təsadüflər zəncirinə biz tale deyirik.

Dialoq: 
 -Özünə bu canfəşanlıqla qəbir qazan iqtidar görməmişəm.

- Onlar qəbir qazmır, özlərinə ehram tikirlər.Ehramlar da ki, uzun illər ərzində tikilir.

- Yəni bunlar uzun illər qalacaqlar?

- Bizim ömrümüzü puç eləməyə yetər.

Müşahidə:

“Hakimiyyətdən faydalanan məmur” sözünü işlədən hakimiyyət yetkilisi təhtəlşüur səviyyəsində hakimiyyətdə olanların hər birinin büdcə pulunu rahat yemək və korrupsiya hesabına varlanmaq imkanının onlara verilməsini nəzərdə tutur.

   Я ее любил...

... Мозги вдребезги на мостовой,
вру на асфальтовом покрове.
брызги жизни людской
в застывшей лужи крови.
Господи, ее больше нет!


Stilistika nədir?:
Bir məzəli nümunə-

Əvəz, cibi dərin meşin pencəyindən naxış-naxış üstü olan qətl bıçağını alıb durdu. Dedi:

- Qorxmaz, ölüm səni girlər, döngil geri, qıyma-qıyma ətindən kəsməyincə, dön get!

Qorxmazın hirsindən dodaqları təpsirdi.Dedi:

-Ə. Əvəz, adı qorxmaz olan adamın bir cıqqa cəsarəti olmazmı olur?

Əvəzin bıldır-bıldır gözünün yaşı rəvan oldu. Qorxmaz bunu görər, qas-qas gülər, alıb deyər oldu:- Ta kim, banlamayasan sənə həyat olmaz, sənə dinclik olmaz, qəti bilgil!

Yaman vuruş oldu, meydan dolu qan oldu o gün.

DEYİMLƏR

- Hərənin öz haqqı var!?

- Allah mütləq mümkünlükdür.Bu, mümkündürmü?

- Insan həyatının bütün mənası bir nəfəs içindədir.

- Zorla dəyişən hər şey müvəqqətidir.

- Təbii axar qarşısıalınmazdır.

- Heç nəyi zorlama. Məcburiyyət olan yerdə Allah yoxdur. Əsl qələbə zorsuz olur.

... Canlı varlığın cəmiyyətdə yaşaması üçün çeşidli variantlar var.Bunları saymağa ehtiyac yoxdur.Sivil qaydalar orta bir xətti – insan haqları deyilən prinsipi əsas meyar kimi qəbul edir.

Bəs siz nə deyirsiz?

Çörək pulu və Şəxsiyyət

четверг, 10 сентября 2009 г.
Çörək pulu və Şəxsiyyət

Aktyorlarla tamaşanın məşqini eləyirəm. Məşq üçün ayrılmış vaxtdan səmərəli istifadə etməyə can atsam da, bir şey alınmır. Yenə bir neçə aktyoru tez buraxmalıyam, çünki onlar “çörək pulu” dalınca getməlidirlər. Hərənin özünə “çörək pulu” qazanmaq variantı var: toyda tamada kimi, müxtəlif tədbirlərdə təlxək kimi, çox az hallarda reklam, klip, filmdə çəkilmək üçün və s. Bu, adi bir haldır. O qədər adidir ki, hətta onu dəyişmək üçün cəhd etsən, sənə təəccüblə baxarlar və əgər israr etsən “çörək puluna” qənim kəsilmiş düşmən sifətində görünərsən. Ancaq mən aktyorları buna görə qınamıram. Bir şərtlə ki, professionallığın tələblərinə uyğun iş görsünlər, yəni məşqə hazır gəlsinlər, rol üzərində işin dərinliklərinə bələd olsunlar, fəal və təşəbbüskar olsunlar. Bir sözlə, Şəxsiyyət olsunlar.Əslində, bu söz yaradıcı işlə məşğul olan hər bir kəsə: aktyora, rejissora, şairə, bəstəkara və ümumiyyətlə, normal cəmiyyətin əksər üzvlərinə aiddir.
Bəli, “çörəkpulu” marafonunda Şəxsiyyət kimi qalmaq çətin məsələdir. Şəxsiyyət olmayan yerdə incəsənətin, elmin, siyasət və iqtisadiyyatın inkişafı müşkül məsələdir. Bəziləri inkişafla mövcudluğu eyni bir hal kimi qəbul edirlər. Halbuki mövcud olmaq, hələ inkişaf etmək deyil. Bəli, Şəxsiyyət olmayan yerdə cəmiyyətin bütün sahələrində ancaq mövcudluq mümkündür. Bu mövcud olma ancaq imitasiya, təqlid etmə şəklində təzahür edir.Yəni həyat və onun inkişafınin imitasiyası əsl həyatın yerini tutur. Qəribə görünsə də, bu mümkündür. Sadə bir misal: qorxaq insan özünü cəsur kimi qələmə verir. Bununla o cəsur olmur, cəsurluğu təqlid edərək, sanki cəsurdur təsəvvürünü yaratmağa can atır. Maraqlıdır ki, təbiətdə bu üsuldan istifadə edən çoxlu canlı vardır. Bu, əsasən özünümüdafiə hallarında baş verir.Təqibin amansızlığını görən tülkü birdən-birə “ölür”. Ancaq bu “ölüm” təqib edənin fikrini azdırmaq üçün işlədilən bir fənddir, əsl ölümün imitasiyasıdır. Bir çox hallarda bu imitasiya tülküyə canını düşmən əlindən qurtarmağa kömək edir. Canlı aləmin mahiyyətində bir qlobal prinsip var: mənsub olduğu növün, sinfin mövcudluğunu təmin etmək. Hələ ki bu mexanizm işləyir canlı aləm var olacaq.
Bir canlı olaraq insanlar da bu prinsipə tabedir, ancaq təkamülün hansısa mərhələsində insan sürüsünü insan cəmiyyətinə çevirən bir hadisə baş verir: insanlar arsında özünü dərk etməyə meyl edən fərdlər- ilk şəxsiyyətlər yetişir. Onlar insanın fəaliyyət və davranışında bir ali rəhbəredici prinsipin olduğunu bəyan edirlər: hər şeydə Doğru və Xalis olmaq. Bu yoldan kənarda mövcudluq var, inkişaf yoxdur. Saxtalıq və Yalan olan yerdə həyatın imitasiyası var, həyatın özü isə yoxdur. Insanın içində olan Doğru və Xalislik daima yaşanmağını gözləyir. Bəşəriyyət Doğru və Xalisliyi nə qədər yaşadıbsa( Səmimi yanlışlığı da bura aid etmək olar), onun həqiqi tarixi də, yaşı da o qədərdir. Saxtalıq və Yalan ancaq illüziya tarixini yaradır. Bu mənada bir həqiqi, bir də illüzor həyat var. Illüzor həyat milyon illər də yaşansa, həqiqi həyatın bircə anlıq inkişafına nail ola bilməz.
Bəlkə də, bu fikirlər kiməsə çox mücərrəd və açdığım söhbətdən uzağ görsənə bilər. Ola bilər... Ancaq bu yerdə Məhəmməd Füzulinin
“Füzuli bəhrə verməz taəti-naqis, nədir cəhdin
Kərəm qıl, zərqi taət surətində həddən aşurma!”
beytini bir balaca sadələşdirib deyirəm: nə qədər cəhd eləsən də, Yalan və Saxtalıq bəhrəsizdir. Özünə yazığın gəlsin, bu yolda həddini aşma. Və ümumiyyətlə, bu yolla getmə. Nə isə...
Qayıdaq mövcudolmaya, həyatın və inkişafın imitasiyasına, bir də ki, Şəxsiyyətə. İnsanı Şəxsiyyət edən ən vacib şərt mənəvi dəyərlərə sadiqlikdir. Ona görə də heç bir “çörək pulu”, “zəmanə korlanıb” və s. söhbətlər mənəviyyatsızlığı doğrulda bilməz. Müəyyən tip adamlar var ki, dəhşətli bir acgözlüklə istənilən addımı atırlar ki, bir yüksək mənsəb, var-dövlət, pul sahibi olsunlar. Özlərinin də çox gülməli bir devizi var- “balalar üçün çörək pulu qazanıram”... Min bir əziyyətə qatlaşıb həqiqətən ancaq çörəyə çatan pul qazananın dilindən bu sözləri eşitmək nə qədər təbii və ehtiram doğurandırsa, başqalarının haqqını tapdalamaq və vəhşicəsinə talamaq hesabına milyonlar qamarlayanların dilindən eşitmək, o qədər süni və ikrah doğurandır. Belə çıxır ki, övladları onların mənəviyyatsızlıqlarının səbəbkarıdır. Burda bir haşiyə çıxmaq istəyirəm: mən insanları sosial vəziyyətinə görə ayırmıram. Şəxsiyyətsiz adamlar bütün təbəqələrdə var. Yəni ən adi bir işdə işləyən də həmkarının haqqını rahatca yeyib: “balalar üçün qazanıram” deyə bilir. Və heç bir vəchlə istəməzdim ki, Doğru və Xalislik prinsipinə əməl edərək böyük hörmət qazanmış, sərvətə malik olmuş şəxsiyyətlərin adına ləkə gəlsin. Əslində, Doğru və Xalislik bir prinsip kimi hökm sürən yerdə insanlar firavan yaşayır, orda inkişaf olduğu üçün, həyat illüzor yox, həqiqi olur.
Yaxşı, bəs Yalan və Saxtalıq, Doğru və Xalisi üstələyibsə, onda necə olsun? Axı, həqiqətən adi çörək pulunu qazanmaq müşkülə çevrilib. Məncə, belə demək düzgün olardı ki, səxsiyyətini gözləyən adamın çörək pulu qazanması müşküldür. Şəxsiyyətini itirəndən sonra burda heç bir müşkül qalmır. Mənim bir “əməkdar” dostum var, deyir, axşama siqaretim bir də çayım varsa, özümü çox rahat hiss eləyirəm. Dzen buddizmdə deyilir ki, əgər ölkədə “icraçılar” yaradıcılıqla, “yaradıcılar” isə icra etməklə məşğuldursa, onda heç nə eləmə, çəkil kənara. Füzuli belə hallarda məsləhət görürdü ki:
“Füzuli, istər isən izdiyadi-rütbeyi-fəzl,
Diyari-Rum gözət, tərki-xaki- Bağdad et!”
Və bir sıra insanlar məhz belə də ediblər. Fərq ondadır ki, onların coğrafiyası tək diyari-Rumla məhdudlaşmır. Bir də ki, şəxsiyyətsizlik problemi bütün dünya üçün aktualdır. Özü də mən istəməzdim ki, söhbətimdə giley-güzar notları eşidilsin. Istəyim problemi görüb də çıxış yolunu axtaranlarla həmrəy olduğumu bildirmək, tərəddüd edənləri inamlı olmağa, ruhdan düşməməyə çağırmaqdır. Sözsüz ki, bu cəhdimdə böyük bir iddia var.Əslində, bu, iddia deyil, inamdır. Bu inam o qədər güclüdür ki, mən Doğru və Xalislik prinsipinə Yerin cazibə qanununa inandığlm kimi inanıram. Yəni, onlar mütləqdir! Düzdü, mənim də ruhdan düşən, bədbinləşən halım olur. Çox vaxt “çörək pulu” məni öz ağuşuna alıb nəfəsimi kəsənə qədər bağrına basır. Onda mən baron Münhauzen kimi əlimi atıb yapışıram saçımdan və özümü bu bataqlıqdan dartıb çıxarıram. Sizə deyim ki, fizikanın mexanika qanunlarına zidd olsa da, bu, mümkündür. Bir də ki, fizika tək mexanikadan ibarət deyil ki? Orda daha möcüzəli şeylər var.
Mənim üçün şəxsiyyət öz real “Mən”inə sadiq qalan, özünün unikal və əvəzolunmaz olduğuna, xeyirxah və böyük işlər görməyə qadir olduğuna inanan insandır. Özü də bu keyfiyyətlər potensiyada bütün insanlara verilib. Ancaq təəssüflər olsun ki, müasir insan bu anlamdan uzaq düşüb. Yanlış və ziyanlı dəyərlər dairəsindədir. O şey ki, vasitə olmalıdır, o, məqsədə çevrilib. Yəni “çörək pulu” həyatın məqsədinə çevrilirsə, insan cılızlaşır, insanlıqdan çıxıb düzgün olmayan məqsədə qulluq edən funksiyaya çevrilir. Insan öz real “Mən”inin maraqlarına deyil, uydurma dəyərlərə can atır: pula, hakimiyyətə, ad-sana. Pul da, hakimiyyət də, ad-san da məqsəd yox, vasitə olmalıdır. İnsanın içindəki Doğru və Xalisi yaşatmaq üçün vasitə. Ona görə insan hər bir şeyi özü üçün etməlidir. Bu fikir bəzilərini çaşdıra bilər. Necə yəni “özü üçün ” etməlidir? Burda eqosentrizm var deyərlər. Ancaq darıxmayın, dostlar. Gəlin demoqogiyadan bir balaca uzaqlaşaq. Bir təsəvvür edin: dəhşətli ağrı və sarsıntılar içərisində dünyaya uşaq gətirən ana deyir ki, mən bu uşağı vətən üçün (xalq, elm, və s. yolunda) doğuram. Sizcə, belə bir hal nə deməkdir? Mən bioloji ana rolu oynayıb başqaları üçün uşaq doğan qadınları anormal cəmiyyətin məhsulu sayıram. Qısası, nəyisə özü üçün eləmək sadə bir şeyi- həqiqəti etiraf etməkdir. Bu çox vacib bir məqamdır. Bəlkə də bunun üzərində bir az geniş dayanmağına dəyər. Çünki demoqogiyanın hökm sürdüyü bir məkanda belə şeylər asan başa düşülmür. Çünki ideologiyanın, təbliğat-propaqandanın mexanizmi insanların şüurunu Xalis və Doğrudan uzaqlaşdırır. Təsəvvür edin ki, taksi sürücüsü sərnişinə deyir ki, mən xalqıma, vətənimə xidmət eləmək üçün taksidə işləyirəm; jurnalist də eləcə, müəllim də, biznesmen də, hərbçi də, nazir də, prezident də eləcə - hamısı ancaq xalqa, vətənə, bəşəriyyətə xidmət eləmək üçün sən demə çalışırmış. Məni ən çox güldürən inəcəsənət sahəsində işləyənlərin – bütün ömrümü sənətə qurban vermişəm deməyidir. Bəlkə də mənim gülməyim kiminsə xətrinə dəyər, elələri varsa, onların halına acımaqdan başqa bir hiss ifadə edə bilmərəm. Mən sadəcə, fikirləşirəm ki, görəsən Dədə Qorqud da soy soylamağı, boy boulamağı Oğuz elinə minnət üçün eləyirmiş, yoxsa elməsə, ölərmiş?! Yəni o, içindəki Doğru və Xalisi yaşatmaqdan başqa bir yol da seçə bilərmiş? Düşünürəm ki, yox! Başqa cür olsaydı, o deməzdi ki, “Yalan söz bu dünyada olunca, olmasa, yey!” . Nə isə... Bu məsələ ətrafında polemikaya ehtiyac varsa, hazıram.
Çörək hamıya lazımdır və onu almaq üçün hamıya çörək pulu lazımdır. Ancaq o çörək də, çörək pulu da insanın içindəki Doğru və Xalisi yaşatmağa xidmət eləmirsə, yəni insanın həqiqi “Mən”i ifadə etmirsə, onda Yalan və Saxtalıq bərqərar olur, illüzor həyat - süni dəyərlər və onun yaratdığı absurd məntiq normaya çevrilir. Və bunun da çox eybəcər nəticələri olur. Ilk növbədə Şəxsiyyət anlayışı deformasiyaya uğrayır və şəxsiyyət pulun miqdarı, mənsəbin dərəcəsi ilə ölçülür. Insanın yaradıcı zəkasına inam azalır və Şəxsiyyətə inam yekəbaş avtoritetə qarşısında qorxu ilə əvəz olunur. Vəhşi dünyanın qanunları hökmranlıq etməyə başlayır, yəni güclü zəifi məhv edir.
Sənət aləmində də çox əcayib proseslər baş verməyə başlayır.Əvvəla, yaradıcı axtarış ruhu qeyb olur. Hər şeyi avtoritetin şıltaq zövqü müəyyən edir. Hamı avtoritetin diqqətində olan işdə görünmək üçün çalışır. Doğru və Xalisdən doğan hər bir canlı impulsun ifadəsi bağrı yaran bir xof yaradır. Bataqlıq (uğurlu çürümə) sabitliyi hökm sürür. Sabitlik bataqlığında bir qurbağa qurultusu böyük gurultuya səbəb olur. Ancaq bunların heç birisi həqiqi yaradıcı həyat prosesi deyil, mövcudolma, həyatın imitasiyası olduğu üçün inkişaf baş vermir. Sovet dönəmində belə möcudluq və imitasiya həddindən artıq bol idi, ancaq nolsun? Hətta atom bombasının əldə olunması da, bizə heç nə vermədi. Dağıldıq, Aşqabad dağılan kimi. Çünki Sovet, Şəxsiyyətdən it kimi qorxurdu.Qurduğu bir şey var ıdısə , onu da, məhz Şəxsiyyətlərin hesabına qura bilmişdi.
Şəxsiyyət söhbətinə elə-belə baxanların axırı da elə-belə olacaq, yəni mərhum Sovetin axırı kimi. Elmi düsturlar aid olduğu sahədə necə mütləq bir qüvvəyə malikdirsə, cəmiyyətin də eləcə tabe olduğu düsturlar var. Bu, inkişafın baş verməsi üçün yeganə bir şeyin: Doğru və Xalisliyin mütləq bərqərar olması qanunudur..
Çörək pulu həyat məramı olan yerdə mənəviyyat lüzumsuz bir şeyə çevrilir. Ancaq qəribə bir hal var. Hələ özünə az-çox hörmət eləyən bir məxluq olmayıb ki, desin mən pul və vəzifə üçün yaşayıram. Hətta ən qatı cinayətkar belə öz cinayətini hansısa mənəvi dəyərlərə sadiqliyi ilə doğrultmağa çalışır. Başqa cür mümkün də deyil. Çünki insan mənəvi varlıqdır. Sadəcə, Yalan və Saxtalığı seçənlər onun acı nəticələrini duymayana qədər Doğru və Xalisə mənasız bir şey kimi baxırlar. Ancaq bu acı nəticələr mütləqdir!!! Keçən əsrin bolşevik və faşistlərini yada salmaq kifayətdir.
Bəziləri fikirləşə bilər ki, bugünki həyatımızın çörək pulu söhbətini mən çox şişirdirəm, qloballaşdırıram. Mən elə fikirləşmirəm.
Çörək pulu ehtirası gücləndikcə, uca-uca binalar tikilib başa çatmamış durduğu yerdəcə uçulur. Ancaq bundan qat-qat əvvəl insan Şəxsiyyət ucalığından yıxılır. Təəccüblüdür ki, biz insanın mənəvi dəyərlər ucalığından yıxılmağını katastrofa kimi qəbul etmirik. Belə olduğu halda cəmiyyətdə istənilən eybəcərliyin baş verməsi təbiidir.
Bu, iştirakçısı olduğum çox qədim bir olaydır. Ona görə çox qədim deyirəm ki, fikrimcə pul yaranan dövrdən bəri belə söhbətlər çox olub. Deməli, 5-6 nəfər gənc oturmuşuq və həyatdan söhbət eləyirik. Həyatın bir çox tərəflərindən danışandan sonra gəldik o məqama ki, əsl insan necə olmalıdır. Burda fikirlər haçalandı. Mən dedim əsl insan “kişi”olmalıdır, biri (adı Malik idi) dedi əsl insanın pulu olmalıdır, yerdə qalanlar isə dəqiq bir mövqe bildirməsələr də, hərdən mənim, hərdən Malikin tərəfini tuturdular. Mənim arqumentim o idi ki, insan gərək düz olsun , düzgünlüyün tərəfində olsun, pis iş görməsin. Pulu isə işləyib qazanmaq lazımdır. Əsl insan belə olmalıdır. ətrafdakılar mənimlə razılaşıb Malikə baxdılar ki, görək o, nə deyəcək.
Malik gülümsəyib dedi ki, əvvəla işləməklə pul qazanmaq olmaz. O pul sənin çörəyinə ancaq çatar. Bu yerdə ətrafdakılar razılıqla başlarını tərpətdilər. Bu da Maliki cuşə gətirdi. O çox qəti şəkildə bildirdi ki, çörək puluyla adamdan kişi olmaz, kişinin gərək çoxlu pulu olsun. Hamı razılaşdı, bir məndən başqa. Belə olanda Malik çox qəribə - istehza qarışıq bir nifrətlə mənə baxdı ki, yəni hamı razıdır, sənin başqa nə sözün ola bilər? Düzü, Malikin təntənəsinə səbəb olan hamıdakı razılıq əhvalı, Malikin istehzalı nifrəti mənə yaman yer elədi. Hamının məni bu çəkişmənin məğlubu kimi qəbul etməsi əsəblərimi tarıma çəkdi. Mən həm də bərk məyus olmuşdum. Məyusluğumun səbəbi isə deməyə hazırlaşdığım sözə müsbət reaksiyanın olmaq ehtimalı idi. Özü də tək Malikin yox, hamının müsbət reaksiyasının. Birdən-birə özümü o qədər yad hiss elədim ki, elə bildim başqa planetdən gəlmişəm. Özümü toplayıb sözləri ağır-ağır dedim ki, situasiyanı hamı dəqiq təsəvvür eləsin:
- Bax, Malik, hesab elə ki, bir milyon pul var. O pulun sənin olması üçün bir oğraşlıq eləməlisən, eləyərsən?
Hamı susdu. Malikin rəngi ağardı. O ayağa durdu, üzünü çevirdi ki, içindəki mübarizəni gizlətsin. Hamının nəfəsi tıncıxmışdı. Sanki o bir milyon ortalıqda idi və hər birimiz seçimimizi etməli idik.
Mən hadisənin sonluğunun nəylə qurtardığını yazmıram. Istəyirəm Andrey Tarkovskinin “Stalker” filmindən bir epizodu xatırladım. Stalker öz müəllimi Dikobrazın başına gələn əhvalatı söyləyir. Əhvalat belədir ki, dikobraz Zona adlanan qeyri-adi bir məkanda yerləşən möcüzəli otağa – insanların arzusunu yerinə yetirən otağa- yollanır ki, xəstə qardaşına şəfa diləsin. Ancaq bu səfərdən bir həftə keçəndən sonra Dikobraz birdə-birə varlanır, çoxlu pul sahibi olur. Bundan sonra Dikabraz gedib özünü asır. Çünki o başa düşür ki, möcüzəli otaq insanın dilə gətirdiyi yox, ürəyində yaşatdığı arzu-diləyi həyata keçirir.
Nə usə...
Inkişaf etmək istəyən cəmiyyət Şəxsiyyətə meydan verməlidir. Doğru və Xalisdən kənarda isə Şəxsiyyət yoxdur. Bu qanundur. Bizim də ki, qanunlarla nəyə görəsə, aramız yoxdur. 9 axça vəqf pulunu ala bilməyən Füzuli vəqf idarəsindəki insan rəzalətini görüb vəziyyətinə ironiya ilə yanaşaraq özünü məzəmmət edir. 9 axçaya (yeni AZM –lə neçə eləyir bilmirəm) ehtiyacı olan Füzulinin bir beytiylə söhbətimi bitirirəm:
Cəmaət izdihamı məscidə salmış küdurətlər,
Küdurət üzrə, lütf et, bir küdurət sən həm arturma!
на 10:08
0 коммент.

Ярлыки: Çörək pulu və Şəxsiyyət

Qorxmuram – Qorxuram... Qorxmuram!!!

, 21 октября 2009 г.

Azəryar Vaqif
Qorxmuram – Qorxuram... Qorxmuram!!!

Mən qorxaq adam deyiləm. Azərbaycanın həyəcan dolu 1988-92-ci illərində hər kəsin ürək eləmədiyi işləri görmüşəm – fövqəladə vəziyyət və komendant saatının hökm sürdüyü vaxtlarda silahlı sovet əskər və zabitlərinin qadağalarına, hədə-qorxularına baxmayıb Ermənistan qaçqınları, Xudafərin körpüsü, 20 Yanvar qurbanları haqqında sənədli filmlərimi çəkmək üçün çəkiliş qrupumla ən təhlükəli vəziyyətlərdə və yerlərdə olmuşam. Hətta, 1990-cı ıllərdə Xudafərin körpüsü haqqında “Xudafərin- dərdi dərin” filminin çəklişində Cəbrayıl sərhəd zolağında operator İsrafil Ağazadə ilə məni bölgənin komendantı, sərhəd zonasında çəkiliş apardığımıza görə güllələmək istəyirdi. O dövrün hərc-mərcliyinə görə bu, çox mümkün olan bir işiydi. Xirdalıqlara varmaq istəmirəm, bircə onu qeyd etmək istəyirəm ki, çəkilişimizdən hərtərəfli məlumatı olan o zamankı Cəbrayıl rayon rəhbərliyi vəziyyətin gərgin olduğunu, komendantın arxasında əli silahlı əskərləri görüb, bir anın içərisində bizi özbzşınalıqda təqsirləndirib bizdən üz döndərdilər və bizi başı qızmış podpolkovniklə təkbətək qoyub aradan çıxdılar. Məhz qorxmadığımıza görə, biz o podpolkovniki ram etdik. Əksinə, onun özünü qorxutduq və o, geri çəkildi. Biz də çəkilişimizi axıra çatdırdıq.
Bu faktı ona görə gətirdim ki, qorxaq olmadığımı biləsiniz. Bəs nəyə ğörə mən bunu bildirmək istəyirəm? Nəyə görə demək istəyirəm ki, mən qorxaq deyiləm. Ona görə ki, indi qorxuram. Daha doğrusu, qorxu içərisində yaşayıram. Yəni ətrfımda olan hər bir şey qorxu püskürür. Mən qorxaq olmasam da, qorxuram.
Qorxuram ki, yanından keçdiyim bina uçulub-dağılar və mən, şərəfsizliyin nəticəsi olan uçuntuların altında qalaram.
Qorxuram ki, dayanacaqda duranda, yolu keçəndə, lap elə səkiylə gedəndə quduz puldan harınlaşmış birisi bahalı maşını sürüb üstümdən keçər, çünki 5-10 min manata cinayəti ört-basdır eləmək imkanı bəzilərini vəhşiləşdirir.
Qorxuram ki, həkimə müraciət edərəm, o da, məni sağaltmaq əvəzinə, borca saldırıb kalan məbləgi qoparacaq, özümü də şikəst edəcək.Ona görə pulsuz səhiyyə söhbətlərini eşidəndə, qorxuram ki, gülməkdən ölərəm.
Qorxuram, daim vahimə içərisində gözləyirəm ki, “Yolnəqliyyatservis” və ya ona bənzər başqa qurumlardan gəlib məni yaşadığım evdən çıxarıb küçələrə atacaq, evimi yerlə-yeksan edib, orda özləri üçün göydələn tikəcəklər.
Qorxuram ki, gəlib işığımı, qazımı, suyumu kəsəcəklər, çünki qiymətlərin durmadan artması cüzi gəlirimi əjdəha kimi udur və mənim bu xidmətlərin pulunu ödəməyə gücüm çatmır.
Övladlarımın taleyi, gələcəyi üçün qorxuram, çünki onlara oğurluq, saxtakarlıq, ikiüzlülük, yalançlıq yox, doğru-düzgünlük, bilik və savadlarına, bacarıqlarına güvənməyi öyrətmişəm.
Ailəmlə istirahətə - kurort və əyləncə mərkəzlərinə yox, eləcə dənizkənarı parkada gəzməyə qorxuram, çünki bir içim suya, bir qurtum çaya mənim bir həftəyə qazandığım pulu alacaqlar.
Yağışdan, qardan, soyuqdan, küləkdən qorxuram, çünki evim damacaq, işığım sönəcək, soyuqda əsir-yesir olacam. Yayın istisindən də qorxuram, çünki suyum kəsiləcək, hər yeri üfunət iyi bürüyəcək, yuyunmağa da həsrət qalacam.
Dükan-bazarda satılan bütün məhsulları, apteklərdən dərmanları almaqdan qorxuram, çünki hamısında xəstələnmək, zəhərlənmək qorxusu var.
Müstəqil bir biznes qurmaq heç ağlımdan da keçmir, çünki qorxuram ki, yerindən duran bütün qurum və qurumsağlar gəlib məndən haqq istəyəcək
Şərlənib məhkəməyə düşməkdən, muzdlu şahidlərin üzümə duracağından, haqqı cibində olan hakimin qərarından qorxuram.
Mavi ekranın “maviliyindən”, bəzi dini təriqətlərin insanı zombiləşdirən fanatizmindən, Qarabağı kef məclisi, yeyib-içmək yeri bilən “vətənpərvərlərdən” yaman qorxuram.
Gözlərində həyat eşqi sönmüş sənət və qeyri-sənət xadimlərinin başbilənlik eşqindən qorxuram.
Qorxuram ki, mənim bu səmimi etirafımı heç kəs eşitməyə, sözlərimə heç kəs inanmaya, çünki yalançılıq çoxlarının həyat məramına çevrilib.
Mən nədən qorxmuram ki? Bircə ölməkdən qorxmuram. Çünki ölümə doğrudan da çarə yoxdur. Ancaq sadaladığım və sadalamadığım bu qorxuları dəf eləməyə çarə var axı!!!
Bəlkə mən səhv edirəm?
на 14:16
0 коммент.

Ярлыки: Qorxmuram Qorxuram Qorxmuram

суббота, 9 апреля 2011 г.

Ssenariler

AZƏRYAR VAQİF

Mentalitet
Ssenari

Bir nəfər çox zibilli sahədən yeyin addımlarla keçir. Zibilliyə baxıb əsəbi bir köks ötürür. Bir cavan zibil paketini sahəyə atmaq istəyəndə kişi:
-Cavan oğlan zibili apar zibil yeşiyinə at.
Oğlan:- Sənə nə var?Əcəb eliyirəm – deyib paketi atıb getdi.
Kişi bələdiyyə yazılan binaya daxil olur. Otaq. Rəis başını qaldırıb
-Eşidirəm deyir.
-Demişdiz sənədlərim bu bün hazır olacaq.
-Dəlixanadan sağlamlıq haqqında arayış lazımdı gətir sonra baxarıq.
Kişinin üzündə göy guruldayır,ildirım çaxır. Kişi :
-yaxşı,- deyib çıxır.
Kişi yeyin addımlarla həmin sahədən keçir. Bu dəfə üç nəfər zibil paketini sahəyə atır.Kişi söz demək istəyir ki, üç nəfər birdən xorla:- Əcəb eləyirik, sənə nə var?
Kişi kabinetdə.Rəis arayışı kişidən alır:
-Oxuduğun orta məktəbin nəğmə dərsi müəllimindən musiqi qabiliyyətin haqqında xasiyyətnamə gətir.
Kişinin üzündə göy guruldayır,ildirım çaxır.
Həmin zibilli sahə.Kişi yeyin addımlarla gedir. Bu dəfə uşaqlı qocalı bir dəstə adam marş addımlarla əllərində zibil paketi zibili sahəyə atmaq istəyirlər.Birdən hamı donur, diqqətlə nəyisə nəzərdən keçirirlər, qorxu içərisində dönüb qaçırlar.Kişi onlar qaçan istiqamətə, sonra da onları qorxudan tərəfə baxir.Kişinin üzündə bulud dağılır, gün çıxır, o , barmağını dişləyir.
Rəisin otağı.Kişi aramla kurtkasının zəncirini çəkib sinəsini qabardır. Qoltuq cibindən arayış çıxardır. Rəis əvvəlcə laqeyd, ancaq sonra eynəyini taxıb çox diqqətlə onun sinəsinə baxır. Rəis şokdadı.O, zorla udqunur, boğazını arıtlayıb xırıltlıyla:
- Beyimxanım, ay Xanımbəyim, o sənədləri bura gətir.Mamılı-matan Bəyimxanım əlində sənədlər içəri girir. Rəisin vəziyyətini görüb təəccüblənir. Kişi ona tərəf dönür.Bəyimxanım onun sinəsinə diqqətlə baxıb nəsə oxuyur. Qorxa-qorxa ona arayışı uzadıb:
- Dədəmin urfu haqqı mənlik deyil- pıçıldayaraq deyir və sənədləri ona uzadır.
Kişinin üzündə bulub dağılır, gün çıxır.O, əli ilə sinəsini göstərib deyir:
- Mentalitet.
Sinəsində kiril və latın əlifbasıyla bir lövhədə:
-Mənim işimi ləngidənin ölüsünə lənət.
P.S Rəis:- Qardaş nə problemin olsa bura gəlmə, zəng elə düzəldərik.
Kişi:- Allah ölənlərivə rəhmət eləsin.
Rəis :- Ölənlərin rəhmət. Amin.



Dilbilməz
Ssenari

Məzun magistr şlyapası və mantosunda.
Ağsaçlı professoir ona diplom uzadır:
- Bizim təhsil ocağımız sənin kimi məzunları ılə fəxr edir.ixtisası bilməklə yanaşı neçə xarici dil öyrənmisən. Bu cür kadrlara cəmiyyətimizin böyük ehtiyacı var.
Məzun utancaqlıqla başını aşağı salıb. Professor :
- Halal olsun sənə. Get işində uğurlar arzulayırıq.

Müdirin kabineti. Müdir:
- Bizim sənin çox dil bilənə xüsusi ehtiyacımız var. Get, iş yerində otur işə başla. işin avand olsun.
Məzunun yanına bir-birinin ardınca – yapon, afrikalı, avropalı, ərəb və s. girib-çıxır.hamısının üzü gülür. Məzun müxtəlif dillərdə onlara uğur arzulayır.
Müdir çox məmnundur. Telofonda kiməsə:
- Zalım oğlunun bilmədiyi dil yoxdur.- deyib əllərini bir-birinə sürtür.
Məzun sənəldləri qovluğa qoyub otaqdan çıxır. O müdirin kabinetinə daxil olur. Məzun:
- Buyurun bu da görülən işin hesabatı – deyib qovluğu müdirin stolunun üstünə qoyur.
Müdir çox böyük ruhla:
- vallah, halal olsun,- deyib qovluğu açıb içində qurdalanır. Ancaq axtardığını tapmayan adam kimi çox pərt halda: - Bəs hanı haqq-hesab?
Məzun: - Hesabatı yazmışam, nə lazımdısa, hamısı qeyd olunub.
Müdir: - Əşşi, sən əsas dili bilmirmişsən ki?!
Məzun təəccüblə: - Əsas dil hansı dildir ki?
Müdir: - Çak-çuk dili – deyib əliylə pula işarə edir. Seyfi açıb bir bağlama pul göstərir: - Çak-çuk, indi başa düşdün, ay dilbilməz?
Məzun təəccüblə başını bulayır. Bu vaxt polis maşının sirenası eşidilir, və kabinet sirenanın yanıb-sönən işığına qərq olur. Müdir qorxu içindədir.
Amiranə səs eşidilir: - Əsas dil qanunun dilidir.Sənin kimi o dili bilməyənlərə qanun amansız olacaq.
Müdir əli qandallıdır.
Məzun: - Get, çak-çukuvu elə!
Müdir həbsxana maşının qəfəsli pəncərəsindən məzlum-məzlum baxır.

суббота, 26 марта 2011 г.



DIAQNOZ

                                                                  HƏKIM OTAĞI
Xərəkdə uzanmış xəstə zarıyır.
XƏSTƏ
Bilmirəm heç nədən oldu, ay doxtur. Indi özümü çox pis hiss eləyirəm.
Həkim rentgen şəklinə baxır. Şəkli bir kənara qoyub böyük təəssüflə başını bulayır. Xəstəyə yaxınlaşıb gözlərinin qapağını aşağı-yuxarı çəkir.
HƏKIM
aşağı, yuxarı, sağa-sola bax.
Xəstə zarıya-zarıya deyilənləri edir.həkim yenə təəssüflə başını bulayır.
HƏKIM
Dilini çıxart.
Xəstə “əəə” eləyib dilini çıxarır. Həkim dərin bir ah çəkir.
HƏKIM
Hə. xəstə.yaxşı ki, mənim əlimə düşmüsən.
əllərini yuyur.
HƏKIM
Məsələ ondadır ki, gecikmisən.burda təbabət elmi gücsüzdü. Sənin aşağı-yuxarı üç ay srokun qalıb
XƏSTƏ
qurban olum, doxtur, bir şey elə.
HƏKIM
diaqnoz qətidir.
TITR: “BEŞ IL KEÇƏNDN SONRA”
ISTIRAHƏT PARKI.
Həkim şəstlə əllərini arxasında çarpazlayıb aramla gedir. Karuselə çatanda onun telefonu zəng çalır. Həkim dayanıb mobil telefonu çıxarır.qulaq asır, sonra.
HƏKIM
Heç kəsə qulaq asmayın. Mən demişəm, diaqnoz qətidir.
Bu zaman karuselin yanında dayanmış bir nəfər kəskin hərəkətlə bu səsə tərəf dönür. Bu, xəstədir. Xəstə həkimə yaxınlaşır.
XƏSTƏ
Doxtur, salam
HƏKIM
Salam
XƏSTƏ
Tanımadız?
HƏKIM
Yox.
XƏSTƏ
Beş il bundan qabaq sizin əlinizə düşmüşdüm. Onda vəziyyətim çox ağır idi.
HƏKIM
Hə? Çox gözəl.sonra nə oldu?
XƏSTƏ
Siz dediz ki, təbabət elmi bu məsələdə gücsüzdür.üç ay ömrün qalıb.
HƏKIM
Hə? Çox gözəl. Bəs sonra necə oldu?
XƏSTƏ
Allah qonşumun canını sağ eləsin. Apardı məni bir tanış həkimin yanına, o da məni bircə aya müalicə etdi.
Xəstə gözlərinin alt qapağını aşağı çəkib gözünü sağa-sola, aşağı-yuxarı fırladır.həkim canıyanan bir adam kimi xəstənin halına acıyır.
HƏKIM
Səni düzgün müalicə eləməyiblər!!!
Xəstənin heyrətdən ağzı açıla qalır.bir uşaq səsi eşidilir.
SƏS
K/a
Baba, gəl məni burdan düşürt!
SON.