понедельник, 18 июня 2012 г.

Səni sevmək çətindir, Vətən


Vaqif Azəryar
                                      Səni sevmək çətindir , Vətən!
  Son vaxtlar incəsənət aləmində müxtəlif formatlarda bir-birini alçaltmağa can atan mövqe toqquşmaları baş verir. Bu,  cəmiyyətdəki dərin böhranın təzahürüdür. Mən öz mövqeymi sənətimlə, işimlə bildirməyə üstünlük vermişəm. Yəni quruluş verdiyim və aktyor kimi iştirak etdiyim tamaşalarla,  çəkdiyim filmlərin vasitəsiylə.Özü də alçaltmaq və təhqir cəhdi mənlik deyil. Ancaq satira, lap elə sarkazm, qrotesk mənlikdir. Özü də tək elə bunlar yox...
 İndi Azərbaycanda 800.000 iş yeri açıldığından mənim bu işlə məşğul olmağım üçün heç bir şərait yoxdur.Yəqin 800.001 iş yeri açılmalıymış ki, mən sənətimlə məşğul olum. Bu səbəbdən də mən məcburam mövqeyimi yazıyla bildirim. Bəlkə, elə bu,  yaxşılığa doğrudur?! Nə isə...
          Mən sözümü daha çox gənclərə yönəldirəm. Çünki sabah onlarındır. Bir şey etsə onlar edəcək.
I
İtirilmiş həqiqət.
         Cəmiyyətdə hap-gop baş alıb gedir. Söz öz müstəqim mənasını itirib. Yəni, söz və onun ifadə etdiyi məna bir-birinə uyğun gəlmir. Bir çox sözlər ancaq səslənir, yəni havanı titrədir, heç bir əmələ, işə çevrilmir. “Mənlik”, “Ləyaqət” boş sözlərdir. Bu hiss, bu insani keyfiyyət  həqarət obyektinə çevrilib. Nə “Mənlik”, nə “Ləyaqət”! Bu sözlər gülüş doğurur, lap ucuz şouların, komediyaların kadrarxası fonoqramında olduğu kimi: ha-ha, he-he, hiii-hih!
        Şekspir deyirdi ki “İndi ləyaqətli olmaq 10 min adamdan biri olmaq deməkdir”. Bizim zamanda, görəsən, bu nisbət neçənin neçəyə olan nisbətidir?
        Müharibə vəziyyətində yaşayan hər bir ölkədə olduğu kimi bizim cəmiyyətimiz də dərin psixoloji gərginlik, nevroz içindədir. Müvəqqəti olsa da, müharibəni  uduzmuş, bir milyon qaçqını olan məmləkətin vətəndaşı kimi ilk növbədə mənliyimiz, ləyaqətimiz alçalıb. Etiraf etsək də, etməsək də, bu, belədir. Əslində bu alçalma, təhqirolma hissini yaşamaq çox təbiidir. Ancaq bir şey var ki, bu hissi məhz mənliyi, ləyaqəti olan yaşaya bilər. Indi fikirləşirəm, görən adam mənliyini, ləyaqətini itirəndən sonra alçalır və torpağını, vətənini itirir, yoxsa torpağı, vətəni itirəndən sonra mənliyini, ləyaqətini itirib alçalır? Ardıcıllığı heç cürə müəyyən edə bilmirəm. Burda, necə deyərlər, nevroz olmayasan neyləyəsən? Yaxşı ki, dəli olmamışıq!
Yox, axı, deyəsən səhv elədim. Əslində dəli olmağın əsl vaxtı çatıb. Mənliyini, Ləyaqətini, Şərəfini qaytarmağın yolunda sözün əsl mənasında Dəlı, Məcnun! Bəli, dəli olmalısan ki, sənin mənliyinə, ləyaqətinə, şərəfinə təcavüz edən kim olursa-olsun, dəhşətdən bağrı yarılsın. Bu dünyada nə eləyiblərsə, dəlilər ediblər. Ancaq bu cür dəlilik üçün gərək çox büyük sevgin, eşqin olsun! O qədər sevgimiz, eşqimiz varmı?  Bu sualı verirəm və bir cavabı eşitməkdən çox qorxuram: - bəli, var! Bu cavabda gözə kül üfürmək, baş aldatmaq cəhdini, bir sözlə hap-gopu görmək çox kədərlidir. Bu gün Azərbaycanda pula, vəzifəyə olan istəkdən güclü bir istək, sevgi yoxdur. Məhz bu istək dəlilik, manyaklıq  dərəcəsindədir. Belə bir bir atmosferdə “mənlik”. “ləyaqət” sözü ancaq gülüş doğurur:- ha-ha, he-he, hiii-hih!
Ancaq deyilənə görə söz, axırıncı gülənindir.
Bəli, cəmiyyətimiz nevroz içindədir və ətrafımızda gördüyümüz isteriya, psixopatiya da bunun klassik ifadəsidir. Bu gün Azərbaycan yaradıcı insanlarının, incəsənətinin də əsas vəzifəsi cəmiyyətə bu xəstəlikdən çıxmaqda kömək etməkdir.  Bunun üçün birinci növbədə özümüz  özümüzlə səmimi olmalıyıq. Yekəxanalıqdan və yekəbaşlıqdan uzaq olmalıyıq. Etiraf etməliyik ki, vəziyyətimiz acınacaqlıdır. Və bu etirafdan sonra hiss etsək ki, ləyaqətimizin alçalmasıyla, mənliyimizin tapdadanmasıyla barışmiriq, və görsək  ki, bu hiss bizi yandırıb tökür, onda nəyin düz, nəyin səhv olduğu haqda düşünməliyik. Yalnız belə olduğu halda bizim yaratdığımizin bir mənası ola bilər, ləyaqətimiz, mənliyimiz öz yerini tutar.
Hökumət və qeyri hökumət qurumları daha çox rəqəmlərdə ifadə olunan manipulyasiyaya üstünlük verirlər, hesab edirlər ki, hesabatlarında rəqəmlərlə gözəl mənzərə yaratmaqla nəyisə həll edirlər. Və adam başına nə qədərsə nəyin düşdüyünün ya düşmədiyinin artımını fəxrlə bəyan edirlər. Və bununla mənlik, ləyaqətin ucaldığını güman edirlər.
 Yəni 7 manatı olanın mənliyinin 3 manat olandan daha üstün olduğunu düşünürlər. Ona görə bahalı maşını olan ucuz maşını olana, ucuz maşını olan piyadaya həqarətlə baxır. Əslində bu hal mənlik və ləyaqəti yoxların əxlaqından doğa bilər. Sözsüz ki, mən maddi firavanlığın əksinə deyiləm və insanın maddı durumunun daim artmasının tərəfdarıyam. Ancaq mənim üçün ilk olaraq adam başına nə qədər haqsızlığın, dərd-bəlanın düşdüyünün hesabını aparmaqdır.  Dostayevski demişkən, dünyanın heç bir firavanlığı günahsız bir körpənin göz yaşına dəyəməz.
Alçaldılan, təhqir olunan insan görəndə çox kədərlənirəm. Yekəxana, yekəbaş insan görəndə əsəbləşirəm. Beləcə, əsəb və kədər içimi dağıdır. Məsələ  heç mənim halımda da deyil. Məsələ bu halı ifadə etmək üçün meydanın olmamasıdır.
Gəlin məsələnin cavabını axtaraq.
Cavabi- məsələ:
-       Deyir çörəyi ver çörəkçiyə birini də üctəlik. Sanki sadə bir həqiqətdir, yəni hər iş yerini ver bacarana, ustaya, peşəkara. Burda aydın olmayan nə var ki?
-       Ancaq məncə, burada araşdırılmalı məqamlar var. Əvvəla çörəyi çörəkçiyə kim verməlidir, onun çörəkçi olduğunu kim müəyyən etməlidir?
-       Yəqin ki, bu işə səlahiyyəti olan hər hansı bir şəxs.
-       Deməli, bu məsəli personajlara ayırsaq, burda üç iştirakçının olduğunu görərik. Biri Çörəkçi, biri Səlahiyyətli şəxs. Biri də “çörəyi ver çörəkçiyə, birini də üstəlik” deyən - Məsləhətçi.
Bir halda ki, məsəli kiçik bir səhnəciyə çevirdik, gəlin onun personajlarının mümkün olan münasibətlərini araşdıraq...




II
“Çörəyi ver çörəkçiyə.”
Səhnəcik.
Səlahiyyətli şəxs - (əlində  çörək çox ağıllı və qayğılı bir pozada, üzülərək):  - Çörəyi kimə tapşıraq, bu vacib işə kim baxsın!?  (O əlində çörək üzülərkən əlində bir qəşəng çomaq olan ağsaqqal peyda olur. O,  Məsləhətçidir.)
 Məsləhətçi: - Başım çıxmır sən niyə üzülürsən? Bu ki, çox sadə məsələdir. Çörəyi ver çörəkçiyə, o əlindəki çörəyi də üstəlik. Vəssəlam-şüdtəmam. (Ağsaqqal bu sözləri deyib çomağı üç dəfə yerə vurur və bu anda digər tərəfdən Çörəkçi görünür.)
Çörəkçi (Səlahiyyətli adama yaxınlaşıb):-  Mən hər cür çörək bişirə bilirəm. ( başlayır çörək bişirməyə).
Bəli, məsələ sanki həll olunur. Ancaq problem bundan sonra başlayır.
               Səlahiyyətli adamla Çörəkçi yola getmir. Çörəkçinin nüfuzu artır. Bu, Səlahiyyətli adamın xoşuna gəlmir. O başlayır çörəkçinin işinə qarışmağa, ona çörəyi bişirməyin qaydalarını öyrətməyə. Xəmir necə olsun, maya necə olsun, duz necə olsun DİKTƏ eləməyə.
Çörəkçi - Mənim peşəkarlığım, ləyaqət və mənliyim sən deyən kimi hərəkət etməyə imkan vermir!
Səlahiyyətli adam: - Sənin peşəkarlığın, ləyaqət və mənliyin boş şeydir!
             Bu söhbətdən sonra Çörəkçi  işdən uzaqlaşır. Səlahiyyətli adam çörəkbişirməni öz əlinə alır. Bu işi ala-yarımçıq bacaran,  ancaq ləyaqətsiz və mənliksiz adamları bu işə cəlb edib başlayır çoxlu pul qazanmağa. Bu iş bütün məmləkətdə genişlənir. Səlahiyyətli adam çörəkbişirənlərin başbiləni də seçilir. Demə,  o məmləkətin bütün işlərinin BAŞBİLƏNİ adını almaq üçün sino  gedirmiş.
            Ancaq bu məmləkətdə çörəyin dadı olmur. Çörək saman dadı verir. Onu yeyən-yeyən şərəfini, ləyaqətini itirir. Bir gün Səlahiyyətli adam yuxusunda Məsləhətçini görür. Ondan soruşur ki, çörəyimizin dadı niyə yoxdur, sirr nədədir?
Məsləhətçi  - Çox sadədir, diqqətlə qulaq as. Küləklə Ləyaqət söhbət edir. Külək deyir ki, "Mən bütün dünyanı gəzərəm, bir qitədən digərinə  gedərəm, oradan başqa bir yerə. Bəs sən?" Ləyaqət cavab verir: "Mən bir az başqayam. Getdimsə, qayıtmaram".
           Səlahiyyətli adam bir şey anlamır. Onda  Məsləhətçi kədərlə  deyir:
Məsləhətçi - Onu bil ki, ləyaqət, mənlik olmayan yer  ..... xanadır və orda çörəyin dadı olmur.
Bəli, əziz oxucu, bu bir səhnəcik-pritça idi. Ancaq bu pritçada bizim reallıq əks olunub. Yəni səninlə mənim həyatım.
            Indiki həyat tərzimizdən az fərqlənən Sovet İttifaqı deyilən bir məkan var idi. Elə hey çalışırdılar ki, yeni bir adam – Sovet adamı formalaşdırsınlar. Guya, bostanda xiyar yetişdirirdilər.  Bostanda deyəndə, istixanada, yəni parnikdə. Bir şey çıxmadı. Parnikdən məhsul ala bilmədilər. Yəni, öz düsturlarına uyğun adam yetişdirə bilmədilər.
                Başa düşə bilmirəm, tarixin bu dərsi indiki əldəqayırma ideoloqlara bəs eləmir? Mən onlara sual edirəm:
-       Siz məndən parnik xiyarı yetişdirmək istəyirsiniz? Bəlkə sizin özünüz parnik xiyarısınız, bundan xəbəriniz yoxdur?!
Elə isə qulaq asın!
III
Lakeylərin hökmranlığı.
                İnsan təbiəti etibariylə - Yaradıcıdır.  Yaradıcılıq üçün ən əsas şərt – Azadlıqdır. Ancaq azad insan həyata yaradıcı yanaşa bilər. Ancaq azad insan həyatı gözəlləşdirmək, xeyrə yönəltmək, bununla da  insanın mənlik və ləyaqətini ucaltmaq iqtidarındadır.
               Azadlıq deyəndə ilk olaraq Vicdan azadlığı başa düşülür. Yalnız vicdan azadlığı olan yerdə başqa azadlıqlar da ola bilər. Vicdansızlıq hökm sürən yerdə heç bir azadlıq ola bilməz. Orda ancaq yalançılıq, saxtakarlıq, qanunsuzluq, zorakarlıq inkişaf edə bilər. Vicdan azadlığı, elədiyin hər  iş və əmələ görə məsuliyyətdir, cavabdehlikdir. Birinci növbədə öz vicdanın qarşısinda məsuliyyət. Mənlik, ləyaqət hissi də məhz bundan sonra yaranır. Bəziləri yekəbaşlığı, mənəm-mənəmliyi, yekəxanalığı  mənlik və ləyaqətlə qarışdırırlar. Ancaq onlar çox böyük səhv edirlər. Günlərin bir günü onlar bunu dərk etmək məcburiyyətində olacaqlar.
             Bəli, vicdansızlıq hökm sürən yerdə çörək, çörəkçidə olmur və ona görə də o məmləkətdə çörəyin dadı da olmur. Özü də o çörəyi yeyən kimi dönüb olursan üç nöqtə. Dərd orasındadır ki, bu saman dadı verən çörəyi, daha doğrusu, süfrə artığını, -  sənə zorla yedirtmək istəyirlər. Sən də müqavimət göstərəndə, səndən inciyirlər, işlər olur fırığ, necə deyərlər xiyar əyri bitir. Deyirlər ki, “yesən də budu, yeməsən də! Takşto gəl sən, ye!”
            Ən böyük dərd orasındadır ki, bu yemləmə - yedizdirmə işinə sənət adamları qoşulur. Bu mikrafonugöyçəklər,  ucdantutma müqtədir-korifeylər... Nə isə!
            Qətiyyətlə deyə bilərəm ki, bu zorla xiyar yemləmə-yedizdirmə əməliyyatında iştirak edən sənət adamları çoxdan ölüblər heç özlərinin də xəbəri yoxdur. Ölüblər deyəndə ki, xiyarlaşıblar. Onu da deyim ki, istedadsız insan yoxdur, yerində olmayan insan var. Bütün insanlar nədəsə istedadlıdırlar və onlar öz istedadlarına uyğun yerdə olanda həm özləri xoşbəxt olurlar, həm ətrafdakıları xoşbəxt edirlər. Cəmiyyətin quruluşu ədalətli olanda bu cür insanların sayı artır və cəmiyyət də gözəlləşir.
            Problem onda başlayır ki, vicdanın, haqqın səsi boğulur. Sənətkar haqqın səsinə xəyanət edə-edə, haqqın səsini çatdıran simasında görünmək istəyr. Bu,  misi qızıl yerinə dürtüşdürmək istəyidir. Yəni, adicə fırıldaqçılıqdır. Və bu andan mənəviyyatda çevrilmə başlayır. Sənət yoluyla avtoritet qazana bilməyən sənətkar  mənsəb, vəzifə, səlahiyyət sahibi omağa can atır. Özü də vəhşi bir ehtirasla. O hamını və hər şeyi satmağa hazır olur, təki nüfuzu olsun. Bu prosesin çox maraqlı mərhələləri var: mənsəb, vəzifə, səlahiyyət artdıqca, ləyaqət, mənlik azalır, yox olur və bunula da paralel olan-qalan istedad da boğulur, ölür. Əvvəldə qeyd etdiyim kimi xiyarlaşma başlayır.
               Artıq xiyarlaşmış sənət adamının geriyə yolu qalmır. Dəhşət bundan sonra başlayır. Bu yaradıcılıqdan qısır qalanlar ilk növbədə istedadlı və azad adamların qəniminə çevrilirlər. Bulqakovun “İt ürəyi” romanında çox dahiyanə bir epizod var :  Tibbi ekperiment nəticəsində adi itdən insana çevrilmiş Şarikov yerli bolşevik komitəsinin üzvləri ilə ərazini pişiklərdən təmizləmə əməliyyatında iştirak edir. Pişikləri axtarmaq üçün onun göstərdiyi istiqamət komitə üzvlərinin təəccübünə səbəb olur. Ondan soruşurlar ki, hardan bilirsən orda pişik var? O, bir azdan baş verəcək  divantutma aktının ləzzətini yaşaya-yaşaya cavab verir: - Mən onları ürəyimlə duyuram! 
             Azadlığı yaşadanlara lakeylərin patoloji nifrətini əks etdirən bu dahiyanə təsvir bütün zaman və məkanlara aiddir.
            Azərbaycan cəmiyyətində maraqlı bir mənzərə var. Incəsənət aləmində məmulaşmağa kütləvi bir meyl müşahidə olunur. Incəsənət adamları məmur səlahiyyətləri qazanmağa, hakim dairələrdə təmsil olunmağa can atırlar. Bunun ən əsas səbəbi odur ki,  istənilən sənət əsərinin qiyməti və istənilən sənətkarın nüfuzu hakim dairələrə yaxınlığı ilə ölçülür. Bu, xiyarı zorla yedirtməyin bir metodudur. Bu Motsartların yox, onu zəhərləyib öldürən Salyerilərin təntənəsidir. Bu, lakeylərin hökmranlığıdır.
         Ancaq əsl həqiqət dahi Füzuli dediyi kimidir:
“Ol pərivəş kim məlahət mülkünün sultanıdır,
             Hökm onun hökmüdürür, fərman onun fərmanıdır!”
IV
Torpağın sahibi.
               Yaradıcılıq prossesi nə qədər ağrılı mərhələlərdən keçsə də, yaradıcı insan üçün ondan böyük zövq ola bilməz. Özü də vacib deyil ki, bu nümunə dünya şedevrləri sırasına daxil olsun. Yetər ki, haqqa zidd olmasın, professional olsun.
               Bu gün haqqın yox, zorun tərəfində olmaq adi haldır. Bu mənəvi aşınma bütün sahələrdə professionallıq baxımından yarımçıqlıq, səviyyəsizliklə paralel gedir. Bu prosseslər bir-birindən ayrılmazdır.  Ən böyük haqsızlıq elə qeyri-professionalların iş başında olmasıdır. Zorakılıq elə burdan başlayır. Mənlık, ləyaqət də burdan tapdanmağa başlayır.
               Bəzi şeylər mənə çox qəribə görsənir. Bax, XIX əsrin axırları XX əsrin əvvəlləri Bakı, Abşeron yarmadası neft bumu yaşayırdı və Rusiya imperiyasının ucqar bir əyaləti sayılırdı. Azərbaycanda professional teatrın və kinonun yaranması bu dövrlə bağlıdır. Çox qəribədir ölkəmiz müstəmləkə şəraitində yaşayanda teatr binaları tikilirdi, yeni truppalar yaranırdı, kino sürətlə inkişaf edirdi. Bu gün teatrlar birləşdirilmək adıyla bağlanır, yeni binalar tikilmir, köhnələri isə fasiləsiz olaraq təmir olunur, teatr truppalarının bu üzdən normal iş şəraiti pozulur və onlar tədricən deqradasiyaya uğrayır. Kinostudiyanin vəziyyəti isə dəhşətli dərəcədə acınacaqlıdır. Sovet dövründə “Azərbaycanfilm” kinostudiyası üçün ayrılmış çox geniş bir sahə bu gün sektorlara bölünüb göydələnlər tikilir, ancaq kinostudiyanın öz binası bərbad vəziyyətdədir, adam binaya daxil olmağa iyrənir. Əcəba, prosses tərsinəmi gedir?!
                Elə bircə teatrların inkişafında Bakı milyonçularının gördüyü işə görə onlara möhtəşəm bir heykəl ucaldılmalıdır.  Xırdalığa varmadan böyük bir məsələni nəzərə çatdırmaq istəyirəm. O dövrdəki milyonçular üzdə idi, qanunla tanınmışdılar. Yəni, rüşvət və korrupsiya hesabına milyonlar mənimsəyib gizlənmirdilər. Ona görə mənlik və ləyaqətlə bağlı problemləri indiki qədər acınacaqlı deyildi.  Bir təsəvvür edin, həyətindən neft fontanı vuran adam dönüb olurdu bu sərvətin sahibkarı!!! Amma indi əhalinin böyük bir hissəsi, heç öz evinin sahibkarı deyil, necə deyərlər, “qanunsuz tikilidə” oturub buldozeri gözləyir. Indi özünüz müqayisə edin: o - müstəmləkə dövrü, bü- müstəqillik dövrü!
              Indi siz bir milyonçu göstərə bilərsinizmi ki, xalq tərəfindən rəğbətlə qarşılansın?! Axı, bazar iqtisadiyyatı milyonçuların olmasını, rəsmi tanınmasını, cəmiyyətdə hörmətlə qarşılanmasını zəruri edir. Hamı kölgədədir, xəlvətdədir. Milyonlarla pulu, digər vəsaiti olan var, ancaq milyonçu olan yoxdur. Ölkənin varlı olması onun vətəndaşlarının varlı olması deməkdir. Məsələ heç də varın az-çoxluğunda deyil. Məsələ hər işin şəffaf olmasındadır, mənlik və ləyaqətin tapdanmamasında, təmiz, sağlam rəqabətin bərqərar olmasındadır.
             Bu günkü dəbdəbə görməmişlıyi, harınlıq təbii sərvətimiz olan neft və qazın hesabınadır. Burda iqtisadiyyatın düzgün və rasional qurulmağı haqda söhbətin yeri yoxdur. Yaşadığımız ərazidə neft, qaz və sair sərvətin olmasında heç birimizin nə rolu var, nə də əməyi! Bununla fəxr etmək gülüncdür. Millət vəkilinin “30 milyon Almaniya üçün böyük puldur, bizim üçün böyük pul deyil” deməsi tərbiyəsizlikdir. Imkansızlıqdan həkimə getməyən, dərman pulu tapmayanların yüz minlərlə olduğu bir zamanda buna başqa nə ad verəsən?
            Bütün bunlar ona görə baş verir ki, çörək çörəkçidə deyil.
           Evi başına uçurdulanların faciəsi, cəbhə bölgəsindən hər gün əsgər və zabitlərin düşmən gülləsindən, ordudakı nizam-intizamsızlıqda ölməsi və bunun adi hala çevrilməsi, jurnalistlərin qətlə yetirilməsi, azad fikir sahiblərinin işkəncə və zorakiliğa məruz qalması, saysız digər faciələr bütün obyektivliyi ilə aşkarlanmasa inkişaf əvəzinə tənəzzülə uğrayacağıq. Özü də bu mövzular kitaba, ekrana, səhnəyə köçməyənə qədər, incəsənətin inkişafı mümkünsüzdür. Bilirsiz Üzeyir Mehdizadə adlı fenomenin əsl səbəbi nədir? Rəsmi sənət nümunələrinin əttökən mövzusuna kortəbii etiraz. Xalq səmimiliyi girdirməçilikdən çox gözəl ayrır!
           Birdəfəlik anlamaq lazımdır ki, bu günümüzün ən böyük problemi - ərazi bütövlüyümüzun bərpası - Azərbaycan vətəndaşının mənlik və ləyaqətinin bütövlüyündən keçir! Bu yolda siyasi, iqtisadi amillər nə qədər böyük rol oynayırsa, incəsənət də o qədər, bəlkə bir az da artıq  rol oynayır. Azərbaycan vətəndaşının mənliyini, ləyaqətini alçaldan, haqqını, hüququnu tapdayan istənilən əməl düşmən əməlidir, ərazi bütövlüyünün əleyhinə yonəlmiş xidmətdir. Hər bir Azərbaycan vətəndaşı o vaxt Azərbaycanlı olmağı ilə fəxr edəcək ki, özünü bu torpağın, dövlətin sahibi kimi hiss etsin!