вторник, 12 апреля 2011 г.

Qorxmuram – Qorxuram... Qorxmuram!!!

, 21 октября 2009 г.

Azəryar Vaqif
Qorxmuram – Qorxuram... Qorxmuram!!!

Mən qorxaq adam deyiləm. Azərbaycanın həyəcan dolu 1988-92-ci illərində hər kəsin ürək eləmədiyi işləri görmüşəm – fövqəladə vəziyyət və komendant saatının hökm sürdüyü vaxtlarda silahlı sovet əskər və zabitlərinin qadağalarına, hədə-qorxularına baxmayıb Ermənistan qaçqınları, Xudafərin körpüsü, 20 Yanvar qurbanları haqqında sənədli filmlərimi çəkmək üçün çəkiliş qrupumla ən təhlükəli vəziyyətlərdə və yerlərdə olmuşam. Hətta, 1990-cı ıllərdə Xudafərin körpüsü haqqında “Xudafərin- dərdi dərin” filminin çəklişində Cəbrayıl sərhəd zolağında operator İsrafil Ağazadə ilə məni bölgənin komendantı, sərhəd zonasında çəkiliş apardığımıza görə güllələmək istəyirdi. O dövrün hərc-mərcliyinə görə bu, çox mümkün olan bir işiydi. Xirdalıqlara varmaq istəmirəm, bircə onu qeyd etmək istəyirəm ki, çəkilişimizdən hərtərəfli məlumatı olan o zamankı Cəbrayıl rayon rəhbərliyi vəziyyətin gərgin olduğunu, komendantın arxasında əli silahlı əskərləri görüb, bir anın içərisində bizi özbzşınalıqda təqsirləndirib bizdən üz döndərdilər və bizi başı qızmış podpolkovniklə təkbətək qoyub aradan çıxdılar. Məhz qorxmadığımıza görə, biz o podpolkovniki ram etdik. Əksinə, onun özünü qorxutduq və o, geri çəkildi. Biz də çəkilişimizi axıra çatdırdıq.
Bu faktı ona görə gətirdim ki, qorxaq olmadığımı biləsiniz. Bəs nəyə ğörə mən bunu bildirmək istəyirəm? Nəyə görə demək istəyirəm ki, mən qorxaq deyiləm. Ona görə ki, indi qorxuram. Daha doğrusu, qorxu içərisində yaşayıram. Yəni ətrfımda olan hər bir şey qorxu püskürür. Mən qorxaq olmasam da, qorxuram.
Qorxuram ki, yanından keçdiyim bina uçulub-dağılar və mən, şərəfsizliyin nəticəsi olan uçuntuların altında qalaram.
Qorxuram ki, dayanacaqda duranda, yolu keçəndə, lap elə səkiylə gedəndə quduz puldan harınlaşmış birisi bahalı maşını sürüb üstümdən keçər, çünki 5-10 min manata cinayəti ört-basdır eləmək imkanı bəzilərini vəhşiləşdirir.
Qorxuram ki, həkimə müraciət edərəm, o da, məni sağaltmaq əvəzinə, borca saldırıb kalan məbləgi qoparacaq, özümü də şikəst edəcək.Ona görə pulsuz səhiyyə söhbətlərini eşidəndə, qorxuram ki, gülməkdən ölərəm.
Qorxuram, daim vahimə içərisində gözləyirəm ki, “Yolnəqliyyatservis” və ya ona bənzər başqa qurumlardan gəlib məni yaşadığım evdən çıxarıb küçələrə atacaq, evimi yerlə-yeksan edib, orda özləri üçün göydələn tikəcəklər.
Qorxuram ki, gəlib işığımı, qazımı, suyumu kəsəcəklər, çünki qiymətlərin durmadan artması cüzi gəlirimi əjdəha kimi udur və mənim bu xidmətlərin pulunu ödəməyə gücüm çatmır.
Övladlarımın taleyi, gələcəyi üçün qorxuram, çünki onlara oğurluq, saxtakarlıq, ikiüzlülük, yalançlıq yox, doğru-düzgünlük, bilik və savadlarına, bacarıqlarına güvənməyi öyrətmişəm.
Ailəmlə istirahətə - kurort və əyləncə mərkəzlərinə yox, eləcə dənizkənarı parkada gəzməyə qorxuram, çünki bir içim suya, bir qurtum çaya mənim bir həftəyə qazandığım pulu alacaqlar.
Yağışdan, qardan, soyuqdan, küləkdən qorxuram, çünki evim damacaq, işığım sönəcək, soyuqda əsir-yesir olacam. Yayın istisindən də qorxuram, çünki suyum kəsiləcək, hər yeri üfunət iyi bürüyəcək, yuyunmağa da həsrət qalacam.
Dükan-bazarda satılan bütün məhsulları, apteklərdən dərmanları almaqdan qorxuram, çünki hamısında xəstələnmək, zəhərlənmək qorxusu var.
Müstəqil bir biznes qurmaq heç ağlımdan da keçmir, çünki qorxuram ki, yerindən duran bütün qurum və qurumsağlar gəlib məndən haqq istəyəcək
Şərlənib məhkəməyə düşməkdən, muzdlu şahidlərin üzümə duracağından, haqqı cibində olan hakimin qərarından qorxuram.
Mavi ekranın “maviliyindən”, bəzi dini təriqətlərin insanı zombiləşdirən fanatizmindən, Qarabağı kef məclisi, yeyib-içmək yeri bilən “vətənpərvərlərdən” yaman qorxuram.
Gözlərində həyat eşqi sönmüş sənət və qeyri-sənət xadimlərinin başbilənlik eşqindən qorxuram.
Qorxuram ki, mənim bu səmimi etirafımı heç kəs eşitməyə, sözlərimə heç kəs inanmaya, çünki yalançılıq çoxlarının həyat məramına çevrilib.
Mən nədən qorxmuram ki? Bircə ölməkdən qorxmuram. Çünki ölümə doğrudan da çarə yoxdur. Ancaq sadaladığım və sadalamadığım bu qorxuları dəf eləməyə çarə var axı!!!
Bəlkə mən səhv edirəm?
на 14:16
0 коммент.

Ярлыки: Qorxmuram Qorxuram Qorxmuram

Комментариев нет: