пятница, 26 декабря 2014 г.

Həmşəri söyüşü.


Həmşəri söyüşü.
Səhnəcik.
1.Sərnişin.
2.Sürücü.
Sərnişin taksidən çıxır. Maşının qabağından dönüb səkiyə keçmək istəyir.
Sürücü – Vətəndaş, dayanın.
Sərnişin – Nə olub?
Sürücü – (xırda pulları sayıb ona uzadır) Xırdanızı alın. Yetmiş səkkiz qəpik.
Sərnişin – Nə xırda? Bu nə deməkdir? Məni dolamısınız?
Sürücü – Vətəndaş, xahiş edirəm, məni ləngitməyin, pulunuzun qalğını alın, mən çıxım gedim.
Sərnişin – Necə yəni pulunuzun qalığını alın, Bizim pulumuz pul deyil? Azdı yenə verim.
Sürücü – Vətəndaş, xahiş edirəm, məni təhqir etməyin. Necə yəni, azdı, yenə verim? Götürün pulunuzun qalığını məni başqa sərnişinlər gözləyir.
Sərnişin – Yox. Görürəm, siz məni əməlli-başlı ələ salmışınız. Bu saat sizin müdiriyyətə zəng edib xəbər verəcəyəm ki, sürücünüz mənə xırda pulu qaytarmaqla məni təhqir edir. Xoşluqla çıxın gedin.
Sürücü – Məni heç nə yolumdan döndərə bilməz. Tez olun 78 qəpik xırda pulunuzu alın. Məni işdən qovsalar da, ən ağır cəzaya məhkum etsələr də bu əməlimdən əl çəkmərəm. Alın, 78 qəpik xırdanızı.
Sərnişin - Əcəb işə düşdük. İşə bax, taksi şoferi sərnişinə pulun qalığını qaytarır. Sərnişin üçün bundan böyük təhqir ola bilməz. Mən çox dözdüm. Daha əlacım yoxdur. Gedirəm birbaşa idarənizə. Verin o 78 qəpiyi.
Sürücü – Buyurun (pulları verir)
Sərnişin  - İşi məhkəməyə qədər aparacam. Pulun qalığını qaytarıb sərnişini təhqir etmək? İndiyə qədər hansı taksiyə minmişəm, sürücülərdən mərd hərəkət görmüşəm. Sayğac 1 manat vurur, onlar iki manat alır, sayğac 2 manat 10 qəpik vurur onlar, dörd manat alır, lap qanacaqlısı, mərifətlisi 5 manat alır. Mən nahaq bu sayğacı olan taksiyə mindim. Heyf deyil, sayğacsız taksi. Yolları tanımırlar, kefləri istəyən qiyməti qoyurlar, qoymurlar heç canına yel dəysin. Taksi elə olar! Yoxsa, bu!!!

среда, 15 октября 2014 г.

Kolbasa seksi.


Kolbasa seksi.
Xaricdən bir ingilis qonağım gəlmişdi. Aeroportda qarşılayıb maşınımla evə gətirdim. Yol boyu həm görməli, həm də gözdən iraq yerlərdən keçməli olurduq. Arada ekskursovodluq edib bəzi məlumatlar da verirdim. Arada bir onun sifəti tutulurdu, onun səbəbini başa düşə bilmirdim , elə bilirdim, onu yaxşı başa sala bilmirəm, ona nəsə qaranlıq qalır, ona görə də çalışırdım aramla, əl-qolla, emosiya ilə danışım. Ancaq onun sifətindəki müəmma ifadəsi getdikcə daha da artdı.
Evə gəldik. Yaxşı soyuq pivədən süzüb stola qoydum. Qonağım pivə bakalını yarıyacan bir nəfəsə içib dərindən nəfəs aldı. Soruşdum ki, niyə belə qayğılı görünür, şəhərimiz onun xoşuna gəldimi?  Dedi, yox, heç bir problem yoxdur, şəhəriniz xoşuma gəldi. Amma... – deyib məəttəl adamın sifətini aldı. Dedim, nə amma, nə olub? Dedi bilirsən, nə var, düzü sizdə seksin bu qədər yayıldığını və rəngarəng növlərinin olduğunu heç ağlıma da gətirməzdim. Dedim, əşi, nə seks. Nə rəngarəng forma? Sən nə danışırsan? Harada gördün sən bu dediklərini? Dedi: necə yəni, sən yəqin o qədər öyrəşmisən ki, heç fikir də vermirsən. Dedim, nəyə öyrəşmişəm, nəyə fikir vermirəm? Dedi: bəs, yol boyu küçələrdə, dalanlarda seks reklamlarını görmədin? Birinin qabağında dəmir-dümür, o birilərində növbənöv şüşələr,  hər cür taxta, daş, mərmər, butulka, kolbasa. Düzü, mən hələ də şok içindəyəm. Mən keçdiyimiz  yolları  yadıma salıb birdən işin nə yerdə olduğunu anladım.   Özümü saxlaya bilməyib bərkdən gülməyə başladım. Mən güldükcə qonağın sifəti heyrətdən əyilirdi. Özümü zorla ələ alıb məsələnin nə yerdə olduğunu qonağa başa saldım. Bilirsən , dedim, günah latın qrafikasını fərqli oxumağımızdadır. Sənin seks kimi oxuduğunu biz sex kimi oxuyuruq, sex, başa düşdün? Yəni, butulka sexi, kolbasa sexi və s. Qonaq dərindən bir uzun a-a-a eləyib güldü. Mən də əlavə etdim, o ki, qaldı seksə, bizdə elə şey yoxdur! Qonağın sifəti yenidən əyildi.
Bu xaricilər bizi çətin başa düşsün!

пятница, 25 июля 2014 г.







VAQİF AZƏRYAR

Döyə-döyə...
 
(Kitabi-Dədə Qorqud boylarının səhnə yozumu)

I yazı


       Çoxdan istəyirdim “Kitabi-Dədə Qorqud” haqda bəzi fikirlərimi bölüşüm. Daha doğrusu onun bəzi boylarının səhnə yozumunu verim. 
       Ən əvvəl “Dəli Domrul” boyu haqda bölüşmək istərdim. Bu boyda yazılan ilk cümlələri kimə söyləyirdim hamı təəccüb edirdi. İnanmırdı. Sanki ilk dəfə eşidirmiş kimi deyirdilər ki, “yəni doğrudan bu cür yazılıb?” Mən də 1980-cı ildə V. İbrahimoğlunun quruluşunda Tədris Teatrında “Mən – Dədə Qorqud” adlı tamaşada Dədə Qorqud rolunu oynadığım üçün bu sözləri əzbər bilirdim. Deyirdim: “Yüz faiz əminəm. İnanmırsınız, kitaba baxın”. Ancaq bu sözləri təəccüblə qəbul edənlərin sayı həddindən artıq çox,  onların savad və dünyagörüşü geniş olduğu üçün hər ehtimala qarşı özümü, daha doğrusu yaddaşımı yoxlamaq qərarına gəldim.
       Elə oldu ki, müasir Azərbaycan türkcəsinə uyğunlaşdırılmış yubiley nəşrinə baxdım və təəccübləndim. Orada vacib bir söz yox idi. Bu söz “döyə-döyə” sözü idi. İndi mən təəccübləndim və bir qədər dilxor oldum. Axı, bu söz köhnə nəşrlərdə var idi, doğrudanmı mən səhv etmişəm deyə düşündüm. Köhnə nəşri əldə edib həyəcanla o yeri tapdım və sakitləşdim, mən səhv etməmişdim, o söz yerində idi: “Məgər xanım, Oğuzda Duha Koca oğlu derlərdi bir ər var idi. Bir quru çayın üzərinə bir köprü yaptırmışdı. Keçəndən otuz üç axça alırdı, keçməyəndən döyə-döyə qırx axça alırdı”.
       “Kitabi –Dədə Qorqud” mənim üçün bədii təfəkkürün məhsulu olmaqla yanaşı həm də əhatə etdiyi dövrün, tarixçəsini danışdığı toplumun olduqca mühüm və dərin qatlarını açan dəqiq bir sənədidir. 
        İlk növbədə orijinalda olan sözün yeni nəşrdə buraxılması haqda bir neçə söz demək istəyirəm. Mənim fikrimcə bu kitabın nəşrinə cavabdeh adamlar bunu bilə-bilə ediblər. Yəni onlar Dəli Domrulun hərəkətlərini bir qədər nəcibləşdirmək istəyiblər, bu isə kobud bir müdaxilədir. Yolverilməz bir haldır. Nə isə...
        Keçək orijinal mətnin təhlilinə, daha doğrusu, onun səhnə yozumuna, yəni mən səhnədə nəyi qabardardım, mətndən gələn hansı fikirləri diqqətə çatdırardım. Çalışacağam mənəvi dəyərlərin formalaşdığı dönəmdə hansı psixotiplərin iştirak etdiyini, bu gün onların toplumun həyatında hansı yerləri tutuğunu təhlil edim.
Keçək mətnə. Əvvəla, quru çayın üstündə körpü salmaq fikrini açmaq istərdim. Yəni bu hansı adamın fikrinə gələr, axı, çay qurudur, yəni körpüyə ehtiyac yoxdur. Bəs onda bunu etmək istəyən adam kimdir? Məncə bu  bir biclikdir. Guya insanlara xidmət göstərməyin imitasiyası, əslində isə yolkəsənlik, quldurluq, zorakılıq və soyğunçuluğa qanuni bir görüntü verməkdir. Yəni insanları soymaq üçün bir bəhanədir.
           Ancaq məsələ ondadır ki, çay qurudur, körpüdən keçməyə ehtiyac yoxdur, çayı istənilən yerdən keçmək olar. Bəs onda camaatı körpüdən keçməyə necə məcbur etmək olar? Dəli Domrulun çox sadə, soyğunçu, quldur məntiqi var – körpüdən keçməyə məcbur etməklə. Körpüdən keçməyə adamları necə məcbur etmək olar? Körpüdən keçməyəndən daha artıq pul almaqla, özü də döyə-döyə artıq pul almaqla. Bundan sonra hansı köpək oğlu körpüdən yan keçər? Əla üsuldur deyilmi? 
                 Sizə bu metod bu günkü gün haqqında bir şey demir ki? Şəxsən mən, o vaxtdan bu günə mentalitetin bir damcı da olsun dəyişdiyini görmürəm.
            Bəli, gətirib iki taxtanı qoyub deyir ki, bu sizin üçün tikdiyim körpüdür, ay Oğuz eli! Oğuz eli də hərif deyil ki, otuz üç axça verib o taxtaların üstündən keçsin. Eləcə çayın istənilən yerindən keçir gedir. Bunu görən Dəli Domrul yanıb tökülür və deyir ki, bu adamlara yaxşılıq yoxdur, raz ki, belə oldu, onda körpüdən keçməyən ermənidir, o it balası qırx axça verəcək. Ancaq əvvəlcə it kimi döyüləcək. Kötək payını alandan sonra da qırx axça ödəyəcək!
         Necədir sizinçün? Belə bir hal bu gün haqqında sizə bir şey demir ki? “Kitabi –Dədə Qorqud” dahiyanə bir kitabdır! Milli-mənəvi dəyərin mahiyyətini necə də yığcam bir abzasda verə bilib.
        Bəli, dədəm Qorqud Dəli Domrulun mentalitetdən irəli gələn bu hərəkətini nəql edəndən sonra “Bunu neçün böylə edirdi?” – sualını bizim adımızdan verib onun motvasiyasını da açır: “Onunçün ki, bəndən dəli, bəndən güclü ər varmıdır ki, çıxsın bənimlə savaşsın der idi, bənim ərligim, bahadırlığım, qəhrəmanlığım, yigitliyim Ruma, Şama getsin, ün salsın derdi”.
       Deməli, həzərat, bu Dəli Domrul deyir ki, mənə bir söz deyən, məni yerimdə oturdan bir adam varsa, çıxsın qabağıma! Adım  Duxa Qoca oğlu Dəli Domruldur, koroçe, kimin duxu varsa, gəlsin savaşaq! Özü də, bu Dəli Domrul, istəyir ki, onun adı Ruma, Şama qədər yayılsın. Camaatı burada kaznit etməyi – yəni ərliyi, bahadırlığı, qəhrəmanlığı, yigitliyi bütün dünyaya yayılsın.
       Yəni bu da sizə bu gün haqqında bir şey demir? O zamanla birbaşa əlaqəni hiss etmirsiniz? Bircə bu abzas əsasında böyük bir dissertasiya yazmaq olar, mənim fikrimcə. “Kitabi-Dədə Qorqud” şedevrdir!
        Deməli, qolu zorlu, havayı qazanc güdən, şöhrətpərəst, zəifin qənimi olan bir adam öz iş birliyini qurur. Onu hətta türk dünyasının ilk gömrükçüsü də saymaq olar. Özü də o tək deyil, onun yanında qırx yigidi də var. Belə olan halda onun körpüsü, ya da gömrüyü kalan qazanc gətirməlidir, fikrimcə. 
         Bir də gördün bu qırx yigiddən biri biçarənin birini tutub gətirib ki, bəs bu köpək oğlu çayın mənbəyi tərəfindən keçmək istəyirdi, tutmuşam, deyib sonra onu yaxşıca əzişdirib olan qalanını əlindən aldı.  Görəsən, Dəli Domrul körpünün açılışına o Dədə Qorqudu niyə dəvət edib xeyir-dua almayıb? Axı belə tədbirlər  Dədəm Qorqudsuz olmurdu? Bu sualın cavabını açıq qoyuram.
        Bir də ki, Dəli Domrulun atası Duxa Qoca öz oğlunun bu “qəhrəmanlığına” görəsən, necə qiymət verirdi? Yəqin fəxr edirdi ki, övladı kişi olub,  əli çörəyə çatıb. Min il bundan əvvəl formalaşmış bax bu psixotiplər bu günə kimi yaşayır və onlar öz mənəvi dəyərlərini uğurla yaşadır! Mirzə Ələkbər Sabir də bu psixotiplər, bu milli-mənəvi dəyərləri yaşadanlar haqqında yazırdı:
             “Zülmətsevər insanlarız üç-beş yaşımızdan,
              Fitnə göyərir torpağımızdan, daşımızdan,
             Tarac edərək, bac alırız qardaşımızdan,
            Çıxmaz, çıxa bilməz də bu adət başımızdan...
                  Əslafımıza çünki həqiqi xələfiz biz!
                 Öz qövmümüzün başına əngəlkələfiz biz!”
        Onu da qeyd edim ki, Sabirin bu və digər şerləri “Kitabi-Dədə Qorqud” motivləri ilə tam uzlaşır, onu davam etdirir. 
           Bəli, balaca bir abzasın səhnə yozumunu davam edək. Dəli Domrulun körpüsü bu günə kimi işləyir. Bu gün biznes, kommersiya ilə məşğul olan hər bir kəs quru çayın üstündə tikilmiş körpünün üstündən keçib “otuz üç” axçasını verməlidir, yoxsa ondan döyə-döyə qırx axça alacaqlar. Ənənəyə sadiq toplumuq. M.Ə.Sabir demişkən “Əvvəl nə idiksə, yenə biz şimdi hamanız...” 
          Dəli Domrul , doğrudan da unikaldır, bu dəli qavat, adamlara zülm etməyi  qəhrəmanlıq sayır. Bu qəhrəmanlığın Ruma, Şama qədər yayılmasını istəyir. Oradakı soyğunçuların yanında hörmət qazanmaq istəyir. Mən inanıram ki, o yerli ozanlara öz qəhrəmanlığı haqqında bir klip, çaşdım, bir dastan da qoşdurub. Puluna minnət. Körpü işləyir, pul xəzəl kimi gəlir, niyə də qoşdurmasın.
Ancaq bu günümüzə o girdirmə ozanların qoşduğu yox, Dədəm Qorqudun mahiyyəti göstərən dastanı gəlib çatıb. Eləcə, Dəli Domrulun ofisinin yanında sülənən ozanları gün kimi aydın görürəm. Nələr goplamayıblar, ilahi! İgid, ər, qəhrəman, bahadır, daha nə bilim nə Dəli Domrul! Dəli Domrulun bütləşdirilməsi səhnəsini çox aydın görürəm. Təşkilat, ssenari, gedişatı  lap elə bu günkü kimi – bircə müasir media yoxdur.
             İndi öz aramızdır bu qədər “bespredeldən” sonra adam mehvərindən çıxar da. Elə boyun sonrakı hadisələri də bu haqdadır. Onun səhnə yozumunu  gələn yazımızda davam etdirərik. 
25.07.14
ardı var.

вторник, 26 февраля 2013 г.

YENİLMƏZ BATALYON. sənədli film


Qarabağ uğrunda döyüşlərdə iştirak etmiş Xüsusi Təyinatlı Taqımın veteranları haqqında sənədli film. Film 1999-cu ildə çəkilmişdir. Rej. Vaqif Azəryar

понедельник, 18 июня 2012 г.

Səni sevmək çətindir, Vətən


Vaqif Azəryar
                                      Səni sevmək çətindir , Vətən!
  Son vaxtlar incəsənət aləmində müxtəlif formatlarda bir-birini alçaltmağa can atan mövqe toqquşmaları baş verir. Bu,  cəmiyyətdəki dərin böhranın təzahürüdür. Mən öz mövqeymi sənətimlə, işimlə bildirməyə üstünlük vermişəm. Yəni quruluş verdiyim və aktyor kimi iştirak etdiyim tamaşalarla,  çəkdiyim filmlərin vasitəsiylə.Özü də alçaltmaq və təhqir cəhdi mənlik deyil. Ancaq satira, lap elə sarkazm, qrotesk mənlikdir. Özü də tək elə bunlar yox...
 İndi Azərbaycanda 800.000 iş yeri açıldığından mənim bu işlə məşğul olmağım üçün heç bir şərait yoxdur.Yəqin 800.001 iş yeri açılmalıymış ki, mən sənətimlə məşğul olum. Bu səbəbdən də mən məcburam mövqeyimi yazıyla bildirim. Bəlkə, elə bu,  yaxşılığa doğrudur?! Nə isə...
          Mən sözümü daha çox gənclərə yönəldirəm. Çünki sabah onlarındır. Bir şey etsə onlar edəcək.
I
İtirilmiş həqiqət.
         Cəmiyyətdə hap-gop baş alıb gedir. Söz öz müstəqim mənasını itirib. Yəni, söz və onun ifadə etdiyi məna bir-birinə uyğun gəlmir. Bir çox sözlər ancaq səslənir, yəni havanı titrədir, heç bir əmələ, işə çevrilmir. “Mənlik”, “Ləyaqət” boş sözlərdir. Bu hiss, bu insani keyfiyyət  həqarət obyektinə çevrilib. Nə “Mənlik”, nə “Ləyaqət”! Bu sözlər gülüş doğurur, lap ucuz şouların, komediyaların kadrarxası fonoqramında olduğu kimi: ha-ha, he-he, hiii-hih!
        Şekspir deyirdi ki “İndi ləyaqətli olmaq 10 min adamdan biri olmaq deməkdir”. Bizim zamanda, görəsən, bu nisbət neçənin neçəyə olan nisbətidir?
        Müharibə vəziyyətində yaşayan hər bir ölkədə olduğu kimi bizim cəmiyyətimiz də dərin psixoloji gərginlik, nevroz içindədir. Müvəqqəti olsa da, müharibəni  uduzmuş, bir milyon qaçqını olan məmləkətin vətəndaşı kimi ilk növbədə mənliyimiz, ləyaqətimiz alçalıb. Etiraf etsək də, etməsək də, bu, belədir. Əslində bu alçalma, təhqirolma hissini yaşamaq çox təbiidir. Ancaq bir şey var ki, bu hissi məhz mənliyi, ləyaqəti olan yaşaya bilər. Indi fikirləşirəm, görən adam mənliyini, ləyaqətini itirəndən sonra alçalır və torpağını, vətənini itirir, yoxsa torpağı, vətəni itirəndən sonra mənliyini, ləyaqətini itirib alçalır? Ardıcıllığı heç cürə müəyyən edə bilmirəm. Burda, necə deyərlər, nevroz olmayasan neyləyəsən? Yaxşı ki, dəli olmamışıq!
Yox, axı, deyəsən səhv elədim. Əslində dəli olmağın əsl vaxtı çatıb. Mənliyini, Ləyaqətini, Şərəfini qaytarmağın yolunda sözün əsl mənasında Dəlı, Məcnun! Bəli, dəli olmalısan ki, sənin mənliyinə, ləyaqətinə, şərəfinə təcavüz edən kim olursa-olsun, dəhşətdən bağrı yarılsın. Bu dünyada nə eləyiblərsə, dəlilər ediblər. Ancaq bu cür dəlilik üçün gərək çox büyük sevgin, eşqin olsun! O qədər sevgimiz, eşqimiz varmı?  Bu sualı verirəm və bir cavabı eşitməkdən çox qorxuram: - bəli, var! Bu cavabda gözə kül üfürmək, baş aldatmaq cəhdini, bir sözlə hap-gopu görmək çox kədərlidir. Bu gün Azərbaycanda pula, vəzifəyə olan istəkdən güclü bir istək, sevgi yoxdur. Məhz bu istək dəlilik, manyaklıq  dərəcəsindədir. Belə bir bir atmosferdə “mənlik”. “ləyaqət” sözü ancaq gülüş doğurur:- ha-ha, he-he, hiii-hih!
Ancaq deyilənə görə söz, axırıncı gülənindir.
Bəli, cəmiyyətimiz nevroz içindədir və ətrafımızda gördüyümüz isteriya, psixopatiya da bunun klassik ifadəsidir. Bu gün Azərbaycan yaradıcı insanlarının, incəsənətinin də əsas vəzifəsi cəmiyyətə bu xəstəlikdən çıxmaqda kömək etməkdir.  Bunun üçün birinci növbədə özümüz  özümüzlə səmimi olmalıyıq. Yekəxanalıqdan və yekəbaşlıqdan uzaq olmalıyıq. Etiraf etməliyik ki, vəziyyətimiz acınacaqlıdır. Və bu etirafdan sonra hiss etsək ki, ləyaqətimizin alçalmasıyla, mənliyimizin tapdadanmasıyla barışmiriq, və görsək  ki, bu hiss bizi yandırıb tökür, onda nəyin düz, nəyin səhv olduğu haqda düşünməliyik. Yalnız belə olduğu halda bizim yaratdığımizin bir mənası ola bilər, ləyaqətimiz, mənliyimiz öz yerini tutar.
Hökumət və qeyri hökumət qurumları daha çox rəqəmlərdə ifadə olunan manipulyasiyaya üstünlük verirlər, hesab edirlər ki, hesabatlarında rəqəmlərlə gözəl mənzərə yaratmaqla nəyisə həll edirlər. Və adam başına nə qədərsə nəyin düşdüyünün ya düşmədiyinin artımını fəxrlə bəyan edirlər. Və bununla mənlik, ləyaqətin ucaldığını güman edirlər.
 Yəni 7 manatı olanın mənliyinin 3 manat olandan daha üstün olduğunu düşünürlər. Ona görə bahalı maşını olan ucuz maşını olana, ucuz maşını olan piyadaya həqarətlə baxır. Əslində bu hal mənlik və ləyaqəti yoxların əxlaqından doğa bilər. Sözsüz ki, mən maddi firavanlığın əksinə deyiləm və insanın maddı durumunun daim artmasının tərəfdarıyam. Ancaq mənim üçün ilk olaraq adam başına nə qədər haqsızlığın, dərd-bəlanın düşdüyünün hesabını aparmaqdır.  Dostayevski demişkən, dünyanın heç bir firavanlığı günahsız bir körpənin göz yaşına dəyəməz.
Alçaldılan, təhqir olunan insan görəndə çox kədərlənirəm. Yekəxana, yekəbaş insan görəndə əsəbləşirəm. Beləcə, əsəb və kədər içimi dağıdır. Məsələ  heç mənim halımda da deyil. Məsələ bu halı ifadə etmək üçün meydanın olmamasıdır.
Gəlin məsələnin cavabını axtaraq.
Cavabi- məsələ:
-       Deyir çörəyi ver çörəkçiyə birini də üctəlik. Sanki sadə bir həqiqətdir, yəni hər iş yerini ver bacarana, ustaya, peşəkara. Burda aydın olmayan nə var ki?
-       Ancaq məncə, burada araşdırılmalı məqamlar var. Əvvəla çörəyi çörəkçiyə kim verməlidir, onun çörəkçi olduğunu kim müəyyən etməlidir?
-       Yəqin ki, bu işə səlahiyyəti olan hər hansı bir şəxs.
-       Deməli, bu məsəli personajlara ayırsaq, burda üç iştirakçının olduğunu görərik. Biri Çörəkçi, biri Səlahiyyətli şəxs. Biri də “çörəyi ver çörəkçiyə, birini də üstəlik” deyən - Məsləhətçi.
Bir halda ki, məsəli kiçik bir səhnəciyə çevirdik, gəlin onun personajlarının mümkün olan münasibətlərini araşdıraq...




II
“Çörəyi ver çörəkçiyə.”
Səhnəcik.
Səlahiyyətli şəxs - (əlində  çörək çox ağıllı və qayğılı bir pozada, üzülərək):  - Çörəyi kimə tapşıraq, bu vacib işə kim baxsın!?  (O əlində çörək üzülərkən əlində bir qəşəng çomaq olan ağsaqqal peyda olur. O,  Məsləhətçidir.)
 Məsləhətçi: - Başım çıxmır sən niyə üzülürsən? Bu ki, çox sadə məsələdir. Çörəyi ver çörəkçiyə, o əlindəki çörəyi də üstəlik. Vəssəlam-şüdtəmam. (Ağsaqqal bu sözləri deyib çomağı üç dəfə yerə vurur və bu anda digər tərəfdən Çörəkçi görünür.)
Çörəkçi (Səlahiyyətli adama yaxınlaşıb):-  Mən hər cür çörək bişirə bilirəm. ( başlayır çörək bişirməyə).
Bəli, məsələ sanki həll olunur. Ancaq problem bundan sonra başlayır.
               Səlahiyyətli adamla Çörəkçi yola getmir. Çörəkçinin nüfuzu artır. Bu, Səlahiyyətli adamın xoşuna gəlmir. O başlayır çörəkçinin işinə qarışmağa, ona çörəyi bişirməyin qaydalarını öyrətməyə. Xəmir necə olsun, maya necə olsun, duz necə olsun DİKTƏ eləməyə.
Çörəkçi - Mənim peşəkarlığım, ləyaqət və mənliyim sən deyən kimi hərəkət etməyə imkan vermir!
Səlahiyyətli adam: - Sənin peşəkarlığın, ləyaqət və mənliyin boş şeydir!
             Bu söhbətdən sonra Çörəkçi  işdən uzaqlaşır. Səlahiyyətli adam çörəkbişirməni öz əlinə alır. Bu işi ala-yarımçıq bacaran,  ancaq ləyaqətsiz və mənliksiz adamları bu işə cəlb edib başlayır çoxlu pul qazanmağa. Bu iş bütün məmləkətdə genişlənir. Səlahiyyətli adam çörəkbişirənlərin başbiləni də seçilir. Demə,  o məmləkətin bütün işlərinin BAŞBİLƏNİ adını almaq üçün sino  gedirmiş.
            Ancaq bu məmləkətdə çörəyin dadı olmur. Çörək saman dadı verir. Onu yeyən-yeyən şərəfini, ləyaqətini itirir. Bir gün Səlahiyyətli adam yuxusunda Məsləhətçini görür. Ondan soruşur ki, çörəyimizin dadı niyə yoxdur, sirr nədədir?
Məsləhətçi  - Çox sadədir, diqqətlə qulaq as. Küləklə Ləyaqət söhbət edir. Külək deyir ki, "Mən bütün dünyanı gəzərəm, bir qitədən digərinə  gedərəm, oradan başqa bir yerə. Bəs sən?" Ləyaqət cavab verir: "Mən bir az başqayam. Getdimsə, qayıtmaram".
           Səlahiyyətli adam bir şey anlamır. Onda  Məsləhətçi kədərlə  deyir:
Məsləhətçi - Onu bil ki, ləyaqət, mənlik olmayan yer  ..... xanadır və orda çörəyin dadı olmur.
Bəli, əziz oxucu, bu bir səhnəcik-pritça idi. Ancaq bu pritçada bizim reallıq əks olunub. Yəni səninlə mənim həyatım.
            Indiki həyat tərzimizdən az fərqlənən Sovet İttifaqı deyilən bir məkan var idi. Elə hey çalışırdılar ki, yeni bir adam – Sovet adamı formalaşdırsınlar. Guya, bostanda xiyar yetişdirirdilər.  Bostanda deyəndə, istixanada, yəni parnikdə. Bir şey çıxmadı. Parnikdən məhsul ala bilmədilər. Yəni, öz düsturlarına uyğun adam yetişdirə bilmədilər.
                Başa düşə bilmirəm, tarixin bu dərsi indiki əldəqayırma ideoloqlara bəs eləmir? Mən onlara sual edirəm:
-       Siz məndən parnik xiyarı yetişdirmək istəyirsiniz? Bəlkə sizin özünüz parnik xiyarısınız, bundan xəbəriniz yoxdur?!
Elə isə qulaq asın!
III
Lakeylərin hökmranlığı.
                İnsan təbiəti etibariylə - Yaradıcıdır.  Yaradıcılıq üçün ən əsas şərt – Azadlıqdır. Ancaq azad insan həyata yaradıcı yanaşa bilər. Ancaq azad insan həyatı gözəlləşdirmək, xeyrə yönəltmək, bununla da  insanın mənlik və ləyaqətini ucaltmaq iqtidarındadır.
               Azadlıq deyəndə ilk olaraq Vicdan azadlığı başa düşülür. Yalnız vicdan azadlığı olan yerdə başqa azadlıqlar da ola bilər. Vicdansızlıq hökm sürən yerdə heç bir azadlıq ola bilməz. Orda ancaq yalançılıq, saxtakarlıq, qanunsuzluq, zorakarlıq inkişaf edə bilər. Vicdan azadlığı, elədiyin hər  iş və əmələ görə məsuliyyətdir, cavabdehlikdir. Birinci növbədə öz vicdanın qarşısinda məsuliyyət. Mənlik, ləyaqət hissi də məhz bundan sonra yaranır. Bəziləri yekəbaşlığı, mənəm-mənəmliyi, yekəxanalığı  mənlik və ləyaqətlə qarışdırırlar. Ancaq onlar çox böyük səhv edirlər. Günlərin bir günü onlar bunu dərk etmək məcburiyyətində olacaqlar.
             Bəli, vicdansızlıq hökm sürən yerdə çörək, çörəkçidə olmur və ona görə də o məmləkətdə çörəyin dadı da olmur. Özü də o çörəyi yeyən kimi dönüb olursan üç nöqtə. Dərd orasındadır ki, bu saman dadı verən çörəyi, daha doğrusu, süfrə artığını, -  sənə zorla yedirtmək istəyirlər. Sən də müqavimət göstərəndə, səndən inciyirlər, işlər olur fırığ, necə deyərlər xiyar əyri bitir. Deyirlər ki, “yesən də budu, yeməsən də! Takşto gəl sən, ye!”
            Ən böyük dərd orasındadır ki, bu yemləmə - yedizdirmə işinə sənət adamları qoşulur. Bu mikrafonugöyçəklər,  ucdantutma müqtədir-korifeylər... Nə isə!
            Qətiyyətlə deyə bilərəm ki, bu zorla xiyar yemləmə-yedizdirmə əməliyyatında iştirak edən sənət adamları çoxdan ölüblər heç özlərinin də xəbəri yoxdur. Ölüblər deyəndə ki, xiyarlaşıblar. Onu da deyim ki, istedadsız insan yoxdur, yerində olmayan insan var. Bütün insanlar nədəsə istedadlıdırlar və onlar öz istedadlarına uyğun yerdə olanda həm özləri xoşbəxt olurlar, həm ətrafdakıları xoşbəxt edirlər. Cəmiyyətin quruluşu ədalətli olanda bu cür insanların sayı artır və cəmiyyət də gözəlləşir.
            Problem onda başlayır ki, vicdanın, haqqın səsi boğulur. Sənətkar haqqın səsinə xəyanət edə-edə, haqqın səsini çatdıran simasında görünmək istəyr. Bu,  misi qızıl yerinə dürtüşdürmək istəyidir. Yəni, adicə fırıldaqçılıqdır. Və bu andan mənəviyyatda çevrilmə başlayır. Sənət yoluyla avtoritet qazana bilməyən sənətkar  mənsəb, vəzifə, səlahiyyət sahibi omağa can atır. Özü də vəhşi bir ehtirasla. O hamını və hər şeyi satmağa hazır olur, təki nüfuzu olsun. Bu prosesin çox maraqlı mərhələləri var: mənsəb, vəzifə, səlahiyyət artdıqca, ləyaqət, mənlik azalır, yox olur və bunula da paralel olan-qalan istedad da boğulur, ölür. Əvvəldə qeyd etdiyim kimi xiyarlaşma başlayır.
               Artıq xiyarlaşmış sənət adamının geriyə yolu qalmır. Dəhşət bundan sonra başlayır. Bu yaradıcılıqdan qısır qalanlar ilk növbədə istedadlı və azad adamların qəniminə çevrilirlər. Bulqakovun “İt ürəyi” romanında çox dahiyanə bir epizod var :  Tibbi ekperiment nəticəsində adi itdən insana çevrilmiş Şarikov yerli bolşevik komitəsinin üzvləri ilə ərazini pişiklərdən təmizləmə əməliyyatında iştirak edir. Pişikləri axtarmaq üçün onun göstərdiyi istiqamət komitə üzvlərinin təəccübünə səbəb olur. Ondan soruşurlar ki, hardan bilirsən orda pişik var? O, bir azdan baş verəcək  divantutma aktının ləzzətini yaşaya-yaşaya cavab verir: - Mən onları ürəyimlə duyuram! 
             Azadlığı yaşadanlara lakeylərin patoloji nifrətini əks etdirən bu dahiyanə təsvir bütün zaman və məkanlara aiddir.
            Azərbaycan cəmiyyətində maraqlı bir mənzərə var. Incəsənət aləmində məmulaşmağa kütləvi bir meyl müşahidə olunur. Incəsənət adamları məmur səlahiyyətləri qazanmağa, hakim dairələrdə təmsil olunmağa can atırlar. Bunun ən əsas səbəbi odur ki,  istənilən sənət əsərinin qiyməti və istənilən sənətkarın nüfuzu hakim dairələrə yaxınlığı ilə ölçülür. Bu, xiyarı zorla yedirtməyin bir metodudur. Bu Motsartların yox, onu zəhərləyib öldürən Salyerilərin təntənəsidir. Bu, lakeylərin hökmranlığıdır.
         Ancaq əsl həqiqət dahi Füzuli dediyi kimidir:
“Ol pərivəş kim məlahət mülkünün sultanıdır,
             Hökm onun hökmüdürür, fərman onun fərmanıdır!”
IV
Torpağın sahibi.
               Yaradıcılıq prossesi nə qədər ağrılı mərhələlərdən keçsə də, yaradıcı insan üçün ondan böyük zövq ola bilməz. Özü də vacib deyil ki, bu nümunə dünya şedevrləri sırasına daxil olsun. Yetər ki, haqqa zidd olmasın, professional olsun.
               Bu gün haqqın yox, zorun tərəfində olmaq adi haldır. Bu mənəvi aşınma bütün sahələrdə professionallıq baxımından yarımçıqlıq, səviyyəsizliklə paralel gedir. Bu prosseslər bir-birindən ayrılmazdır.  Ən böyük haqsızlıq elə qeyri-professionalların iş başında olmasıdır. Zorakılıq elə burdan başlayır. Mənlık, ləyaqət də burdan tapdanmağa başlayır.
               Bəzi şeylər mənə çox qəribə görsənir. Bax, XIX əsrin axırları XX əsrin əvvəlləri Bakı, Abşeron yarmadası neft bumu yaşayırdı və Rusiya imperiyasının ucqar bir əyaləti sayılırdı. Azərbaycanda professional teatrın və kinonun yaranması bu dövrlə bağlıdır. Çox qəribədir ölkəmiz müstəmləkə şəraitində yaşayanda teatr binaları tikilirdi, yeni truppalar yaranırdı, kino sürətlə inkişaf edirdi. Bu gün teatrlar birləşdirilmək adıyla bağlanır, yeni binalar tikilmir, köhnələri isə fasiləsiz olaraq təmir olunur, teatr truppalarının bu üzdən normal iş şəraiti pozulur və onlar tədricən deqradasiyaya uğrayır. Kinostudiyanin vəziyyəti isə dəhşətli dərəcədə acınacaqlıdır. Sovet dövründə “Azərbaycanfilm” kinostudiyası üçün ayrılmış çox geniş bir sahə bu gün sektorlara bölünüb göydələnlər tikilir, ancaq kinostudiyanın öz binası bərbad vəziyyətdədir, adam binaya daxil olmağa iyrənir. Əcəba, prosses tərsinəmi gedir?!
                Elə bircə teatrların inkişafında Bakı milyonçularının gördüyü işə görə onlara möhtəşəm bir heykəl ucaldılmalıdır.  Xırdalığa varmadan böyük bir məsələni nəzərə çatdırmaq istəyirəm. O dövrdəki milyonçular üzdə idi, qanunla tanınmışdılar. Yəni, rüşvət və korrupsiya hesabına milyonlar mənimsəyib gizlənmirdilər. Ona görə mənlik və ləyaqətlə bağlı problemləri indiki qədər acınacaqlı deyildi.  Bir təsəvvür edin, həyətindən neft fontanı vuran adam dönüb olurdu bu sərvətin sahibkarı!!! Amma indi əhalinin böyük bir hissəsi, heç öz evinin sahibkarı deyil, necə deyərlər, “qanunsuz tikilidə” oturub buldozeri gözləyir. Indi özünüz müqayisə edin: o - müstəmləkə dövrü, bü- müstəqillik dövrü!
              Indi siz bir milyonçu göstərə bilərsinizmi ki, xalq tərəfindən rəğbətlə qarşılansın?! Axı, bazar iqtisadiyyatı milyonçuların olmasını, rəsmi tanınmasını, cəmiyyətdə hörmətlə qarşılanmasını zəruri edir. Hamı kölgədədir, xəlvətdədir. Milyonlarla pulu, digər vəsaiti olan var, ancaq milyonçu olan yoxdur. Ölkənin varlı olması onun vətəndaşlarının varlı olması deməkdir. Məsələ heç də varın az-çoxluğunda deyil. Məsələ hər işin şəffaf olmasındadır, mənlik və ləyaqətin tapdanmamasında, təmiz, sağlam rəqabətin bərqərar olmasındadır.
             Bu günkü dəbdəbə görməmişlıyi, harınlıq təbii sərvətimiz olan neft və qazın hesabınadır. Burda iqtisadiyyatın düzgün və rasional qurulmağı haqda söhbətin yeri yoxdur. Yaşadığımız ərazidə neft, qaz və sair sərvətin olmasında heç birimizin nə rolu var, nə də əməyi! Bununla fəxr etmək gülüncdür. Millət vəkilinin “30 milyon Almaniya üçün böyük puldur, bizim üçün böyük pul deyil” deməsi tərbiyəsizlikdir. Imkansızlıqdan həkimə getməyən, dərman pulu tapmayanların yüz minlərlə olduğu bir zamanda buna başqa nə ad verəsən?
            Bütün bunlar ona görə baş verir ki, çörək çörəkçidə deyil.
           Evi başına uçurdulanların faciəsi, cəbhə bölgəsindən hər gün əsgər və zabitlərin düşmən gülləsindən, ordudakı nizam-intizamsızlıqda ölməsi və bunun adi hala çevrilməsi, jurnalistlərin qətlə yetirilməsi, azad fikir sahiblərinin işkəncə və zorakiliğa məruz qalması, saysız digər faciələr bütün obyektivliyi ilə aşkarlanmasa inkişaf əvəzinə tənəzzülə uğrayacağıq. Özü də bu mövzular kitaba, ekrana, səhnəyə köçməyənə qədər, incəsənətin inkişafı mümkünsüzdür. Bilirsiz Üzeyir Mehdizadə adlı fenomenin əsl səbəbi nədir? Rəsmi sənət nümunələrinin əttökən mövzusuna kortəbii etiraz. Xalq səmimiliyi girdirməçilikdən çox gözəl ayrır!
           Birdəfəlik anlamaq lazımdır ki, bu günümüzün ən böyük problemi - ərazi bütövlüyümüzun bərpası - Azərbaycan vətəndaşının mənlik və ləyaqətinin bütövlüyündən keçir! Bu yolda siyasi, iqtisadi amillər nə qədər böyük rol oynayırsa, incəsənət də o qədər, bəlkə bir az da artıq  rol oynayır. Azərbaycan vətəndaşının mənliyini, ləyaqətini alçaldan, haqqını, hüququnu tapdayan istənilən əməl düşmən əməlidir, ərazi bütövlüyünün əleyhinə yonəlmiş xidmətdir. Hər bir Azərbaycan vətəndaşı o vaxt Azərbaycanlı olmağı ilə fəxr edəcək ki, özünü bu torpağın, dövlətin sahibi kimi hiss etsin!