пятница, 9 декабря 2016 г.

M Füzuli. "Könül, səccadəyə basma ayaq, təsbihə əl urma", ifa V. Azəryar



Könül, səccadəyə basma ayaq, təsbihə əl urma,
Namaz əhlinə uyma, onlar ilə durma, oturma!

Əyilib səcdəyə, salma fərağət tacını başdan,
Vüzudən su səpib, rahət yuxusun gözdən uçurma!

Saqın, pamal olursan buriya tək, məscidə girmə
Və gər naçar girsən, onda minbər kimi çox durma!

Müəzzin naləsin alma qulağə, düşmə təşvişə,
Cəhənnəm qapısın açdırma, vaizdən xəbər sorma!

Cəmaət izdihami məscidə salmış küdurətlər,
Küdurət üzrə, lütf et, bir küdurət sən həm arturma!

Xətibin sanma sadiq məscidin, qövlilə fel etmə,
İmamın sanma aqil, ixtiyarın ona tapşurma.

Füzuli, bəhrə verməz taəti-naqis, nədir cəhdin,
Kərəm qıl, zərqi taət surətində həddən aşurma!

Комментариев нет: