VAQİF
AZƏRYAR
Döyə-döyə...
(Kitabi-Dədə Qorqud boylarının səhnə yozumu)
I yazı
Çoxdan
istəyirdim “Kitabi-Dədə Qorqud” haqda bəzi fikirlərimi bölüşüm. Daha doğrusu
onun bəzi boylarının səhnə yozumunu verim.
Ən əvvəl
“Dəli Domrul” boyu haqda bölüşmək istərdim. Bu boyda yazılan ilk cümlələri kimə
söyləyirdim hamı təəccüb edirdi. İnanmırdı. Sanki ilk dəfə eşidirmiş kimi deyirdilər
ki, “yəni doğrudan bu cür yazılıb?” Mən də 1980-cı ildə V. İbrahimoğlunun
quruluşunda Tədris Teatrında “Mən – Dədə Qorqud” adlı tamaşada Dədə Qorqud
rolunu oynadığım üçün bu sözləri əzbər bilirdim. Deyirdim: “Yüz faiz əminəm.
İnanmırsınız, kitaba baxın”. Ancaq bu sözləri təəccüblə qəbul edənlərin sayı həddindən
artıq çox, onların savad və dünyagörüşü geniş
olduğu üçün hər ehtimala qarşı özümü, daha doğrusu yaddaşımı yoxlamaq qərarına
gəldim.
Elə oldu ki, müasir Azərbaycan türkcəsinə
uyğunlaşdırılmış yubiley nəşrinə baxdım və təəccübləndim. Orada vacib bir söz
yox idi. Bu söz “döyə-döyə” sözü idi. İndi mən təəccübləndim və bir qədər
dilxor oldum. Axı, bu söz köhnə nəşrlərdə var idi, doğrudanmı mən səhv etmişəm
deyə düşündüm. Köhnə nəşri əldə edib həyəcanla o yeri tapdım və sakitləşdim, mən
səhv etməmişdim, o söz yerində idi: “Məgər xanım, Oğuzda Duha Koca oğlu derlərdi
bir ər var idi. Bir quru çayın üzərinə bir köprü yaptırmışdı. Keçəndən otuz üç
axça alırdı, keçməyəndən döyə-döyə qırx axça alırdı”.
“Kitabi –Dədə Qorqud” mənim üçün bədii təfəkkürün məhsulu
olmaqla yanaşı həm də əhatə etdiyi dövrün, tarixçəsini danışdığı toplumun olduqca
mühüm və dərin qatlarını açan dəqiq bir sənədidir.
İlk növbədə orijinalda olan sözün yeni nəşrdə
buraxılması haqda bir neçə söz demək istəyirəm. Mənim fikrimcə bu kitabın nəşrinə
cavabdeh adamlar bunu bilə-bilə ediblər. Yəni onlar Dəli Domrulun hərəkətlərini
bir qədər nəcibləşdirmək istəyiblər, bu isə kobud bir müdaxilədir. Yolverilməz
bir haldır. Nə isə...
Keçək orijinal mətnin təhlilinə, daha doğrusu, onun səhnə
yozumuna, yəni mən səhnədə nəyi qabardardım, mətndən gələn hansı fikirləri diqqətə
çatdırardım. Çalışacağam mənəvi dəyərlərin formalaşdığı dönəmdə hansı psixotiplərin
iştirak etdiyini, bu gün onların toplumun həyatında hansı yerləri tutuğunu təhlil
edim.
Keçək mətnə. Əvvəla, quru çayın üstündə körpü salmaq
fikrini açmaq istərdim. Yəni bu hansı adamın fikrinə gələr, axı, çay qurudur, yəni
körpüyə ehtiyac yoxdur. Bəs onda bunu etmək istəyən adam kimdir? Məncə bu bir biclikdir. Guya insanlara xidmət göstərməyin
imitasiyası, əslində isə yolkəsənlik, quldurluq, zorakılıq və soyğunçuluğa
qanuni bir görüntü verməkdir. Yəni insanları soymaq üçün bir bəhanədir.
Ancaq məsələ ondadır ki, çay qurudur, körpüdən keçməyə
ehtiyac yoxdur, çayı istənilən yerdən keçmək olar. Bəs onda camaatı körpüdən
keçməyə necə məcbur etmək olar? Dəli Domrulun çox sadə, soyğunçu, quldur məntiqi
var – körpüdən keçməyə məcbur etməklə. Körpüdən keçməyə adamları necə məcbur
etmək olar? Körpüdən keçməyəndən daha artıq pul almaqla, özü də döyə-döyə artıq
pul almaqla. Bundan sonra hansı köpək oğlu körpüdən yan keçər? Əla üsuldur
deyilmi?
Sizə bu metod
bu günkü gün haqqında bir şey demir ki? Şəxsən mən, o vaxtdan bu günə
mentalitetin bir damcı da olsun dəyişdiyini görmürəm.
Bəli, gətirib iki taxtanı qoyub deyir ki, bu sizin
üçün tikdiyim körpüdür, ay Oğuz eli! Oğuz eli də hərif deyil ki, otuz üç axça
verib o taxtaların üstündən keçsin. Eləcə çayın istənilən yerindən keçir gedir.
Bunu görən Dəli Domrul yanıb tökülür və deyir ki, bu adamlara yaxşılıq yoxdur,
raz ki, belə oldu, onda körpüdən keçməyən ermənidir, o it balası qırx axça verəcək.
Ancaq əvvəlcə it kimi döyüləcək. Kötək payını alandan sonra da qırx axça ödəyəcək!
Necədir
sizinçün? Belə bir hal bu gün haqqında sizə bir şey demir ki? “Kitabi –Dədə
Qorqud” dahiyanə bir kitabdır! Milli-mənəvi dəyərin mahiyyətini necə də yığcam
bir abzasda verə bilib.
Bəli, dədəm Qorqud Dəli Domrulun mentalitetdən irəli gələn
bu hərəkətini nəql edəndən sonra “Bunu neçün böylə edirdi?” – sualını bizim
adımızdan verib onun motvasiyasını da açır: “Onunçün ki, bəndən dəli, bəndən
güclü ər varmıdır ki, çıxsın bənimlə savaşsın der idi, bənim ərligim,
bahadırlığım, qəhrəmanlığım, yigitliyim Ruma, Şama getsin, ün salsın derdi”.
Deməli, həzərat, bu Dəli Domrul deyir ki, mənə bir söz
deyən, məni yerimdə oturdan bir adam varsa, çıxsın qabağıma! Adım Duxa Qoca oğlu Dəli Domruldur, koroçe, kimin
duxu varsa, gəlsin savaşaq! Özü də, bu Dəli Domrul, istəyir ki, onun adı Ruma,
Şama qədər yayılsın. Camaatı burada kaznit etməyi – yəni ərliyi, bahadırlığı, qəhrəmanlığı,
yigitliyi bütün dünyaya yayılsın.
Yəni bu da sizə
bu gün haqqında bir şey demir? O zamanla birbaşa əlaqəni hiss etmirsiniz? Bircə
bu abzas əsasında böyük bir dissertasiya yazmaq olar, mənim fikrimcə. “Kitabi-Dədə
Qorqud” şedevrdir!
Deməli, qolu zorlu, havayı qazanc güdən, şöhrətpərəst,
zəifin qənimi olan bir adam öz iş birliyini qurur. Onu hətta türk dünyasının
ilk gömrükçüsü də saymaq olar. Özü də o tək deyil, onun yanında qırx yigidi də
var. Belə olan halda onun körpüsü, ya da gömrüyü kalan qazanc gətirməlidir,
fikrimcə.
Bir də gördün bu qırx yigiddən biri biçarənin birini
tutub gətirib ki, bəs bu köpək oğlu çayın mənbəyi tərəfindən keçmək istəyirdi,
tutmuşam, deyib sonra onu yaxşıca əzişdirib olan qalanını əlindən aldı. Görəsən, Dəli Domrul körpünün açılışına o Dədə
Qorqudu niyə dəvət edib xeyir-dua almayıb? Axı belə tədbirlər Dədəm Qorqudsuz olmurdu? Bu sualın cavabını
açıq qoyuram.
Bir də ki, Dəli
Domrulun atası Duxa Qoca öz oğlunun bu “qəhrəmanlığına” görəsən, necə qiymət
verirdi? Yəqin fəxr edirdi ki, övladı kişi olub, əli çörəyə çatıb. Min il bundan əvvəl
formalaşmış bax bu psixotiplər bu günə kimi yaşayır və onlar öz mənəvi dəyərlərini
uğurla yaşadır! Mirzə Ələkbər Sabir də bu psixotiplər, bu milli-mənəvi dəyərləri
yaşadanlar haqqında yazırdı:
“Zülmətsevər insanlarız üç-beş yaşımızdan,
Fitnə göyərir torpağımızdan, daşımızdan,
Tarac edərək, bac alırız qardaşımızdan,
Çıxmaz, çıxa bilməz də bu adət başımızdan...
Əslafımıza çünki həqiqi xələfiz biz!
Öz qövmümüzün başına əngəlkələfiz biz!”
Onu da qeyd edim ki, Sabirin bu və digər şerləri
“Kitabi-Dədə Qorqud” motivləri ilə tam uzlaşır, onu davam etdirir.
Bəli, balaca bir abzasın səhnə yozumunu davam edək. Dəli
Domrulun körpüsü bu günə kimi işləyir. Bu gün biznes, kommersiya ilə məşğul
olan hər bir kəs quru çayın üstündə tikilmiş körpünün üstündən keçib “otuz üç”
axçasını verməlidir, yoxsa ondan döyə-döyə qırx axça alacaqlar. Ənənəyə sadiq
toplumuq. M.Ə.Sabir demişkən “Əvvəl nə idiksə, yenə biz şimdi hamanız...”
Dəli Domrul , doğrudan da unikaldır, bu dəli qavat,
adamlara zülm etməyi qəhrəmanlıq sayır.
Bu qəhrəmanlığın Ruma, Şama qədər yayılmasını istəyir. Oradakı soyğunçuların
yanında hörmət qazanmaq istəyir. Mən inanıram ki, o yerli ozanlara öz qəhrəmanlığı
haqqında bir klip, çaşdım, bir dastan da qoşdurub. Puluna minnət. Körpü işləyir,
pul xəzəl kimi gəlir, niyə də qoşdurmasın.
Ancaq bu günümüzə o girdirmə ozanların qoşduğu yox, Dədəm
Qorqudun mahiyyəti göstərən dastanı gəlib çatıb. Eləcə, Dəli Domrulun ofisinin
yanında sülənən ozanları gün kimi aydın görürəm. Nələr goplamayıblar, ilahi!
İgid, ər, qəhrəman, bahadır, daha nə bilim nə Dəli Domrul! Dəli Domrulun bütləşdirilməsi
səhnəsini çox aydın görürəm. Təşkilat, ssenari, gedişatı lap elə bu günkü kimi – bircə müasir media
yoxdur.
İndi öz aramızdır bu qədər “bespredeldən” sonra adam
mehvərindən çıxar da. Elə boyun sonrakı hadisələri də bu haqdadır. Onun səhnə
yozumunu gələn yazımızda davam etdirərik.
25.07.14
ardı var.
Комментариев нет:
Отправить комментарий