Kolbasa seksi.
Xaricdən bir ingilis qonağım gəlmişdi.
Aeroportda qarşılayıb maşınımla evə gətirdim. Yol boyu həm görməli, həm də gözdən
iraq yerlərdən keçməli olurduq. Arada ekskursovodluq edib bəzi məlumatlar da
verirdim. Arada bir onun sifəti tutulurdu, onun səbəbini başa düşə bilmirdim ,
elə bilirdim, onu yaxşı başa sala bilmirəm, ona nəsə qaranlıq qalır, ona görə də
çalışırdım aramla, əl-qolla, emosiya ilə danışım. Ancaq onun sifətindəki müəmma
ifadəsi getdikcə daha da artdı.
Evə gəldik. Yaxşı soyuq pivədən
süzüb stola qoydum. Qonağım pivə bakalını yarıyacan bir nəfəsə içib dərindən nəfəs
aldı. Soruşdum ki, niyə belə qayğılı görünür, şəhərimiz onun xoşuna gəldimi? Dedi, yox, heç bir problem yoxdur, şəhəriniz
xoşuma gəldi. Amma... – deyib məəttəl adamın sifətini aldı. Dedim, nə amma, nə
olub? Dedi bilirsən, nə var, düzü sizdə seksin bu qədər yayıldığını və rəngarəng
növlərinin olduğunu heç ağlıma da gətirməzdim. Dedim, əşi, nə seks. Nə rəngarəng
forma? Sən nə danışırsan? Harada gördün sən bu dediklərini? Dedi: necə yəni, sən
yəqin o qədər öyrəşmisən ki, heç fikir də vermirsən. Dedim, nəyə öyrəşmişəm, nəyə
fikir vermirəm? Dedi: bəs, yol boyu küçələrdə, dalanlarda seks reklamlarını
görmədin? Birinin qabağında dəmir-dümür, o birilərində növbənöv şüşələr, hər cür taxta, daş, mərmər, butulka, kolbasa.
Düzü, mən hələ də şok içindəyəm. Mən keçdiyimiz
yolları yadıma salıb birdən işin
nə yerdə olduğunu anladım. Özümü saxlaya bilməyib bərkdən gülməyə
başladım. Mən güldükcə qonağın sifəti heyrətdən əyilirdi. Özümü zorla ələ alıb
məsələnin nə yerdə olduğunu qonağa başa saldım. Bilirsən , dedim, günah latın
qrafikasını fərqli oxumağımızdadır. Sənin seks kimi oxuduğunu biz sex kimi
oxuyuruq, sex, başa düşdün? Yəni, butulka sexi, kolbasa sexi və s. Qonaq dərindən
bir uzun a-a-a eləyib güldü. Mən də əlavə etdim, o ki, qaldı seksə, bizdə elə
şey yoxdur! Qonağın sifəti yenidən əyildi.
Bu xaricilər bizi çətin başa
düşsün!