четверг, 13 декабря 2012 г.
понедельник, 18 июня 2012 г.
Səni sevmək çətindir, Vətən
Vaqif
Azəryar
Səni sevmək çətindir , Vətən!
Son vaxtlar incəsənət aləmində müxtəlif
formatlarda bir-birini alçaltmağa can atan mövqe toqquşmaları baş verir.
Bu, cəmiyyətdəki dərin böhranın təzahürüdür.
Mən öz mövqeymi sənətimlə, işimlə bildirməyə üstünlük vermişəm. Yəni quruluş
verdiyim və aktyor kimi iştirak etdiyim tamaşalarla, çəkdiyim filmlərin vasitəsiylə.Özü də
alçaltmaq və təhqir cəhdi mənlik deyil. Ancaq satira, lap elə sarkazm, qrotesk
mənlikdir. Özü də tək elə bunlar yox...
İndi Azərbaycanda 800.000 iş yeri açıldığından
mənim bu işlə məşğul olmağım üçün heç bir şərait yoxdur.Yəqin 800.001 iş yeri
açılmalıymış ki, mən sənətimlə məşğul olum. Bu səbəbdən də mən məcburam
mövqeyimi yazıyla bildirim. Bəlkə, elə bu,
yaxşılığa doğrudur?! Nə isə...
Mən sözümü daha çox gənclərə yönəldirəm.
Çünki sabah onlarındır. Bir şey etsə onlar edəcək.
I
İtirilmiş həqiqət.
Cəmiyyətdə
hap-gop baş alıb gedir. Söz öz müstəqim mənasını itirib. Yəni, söz və onun ifadə
etdiyi məna bir-birinə uyğun gəlmir. Bir çox sözlər ancaq səslənir, yəni havanı
titrədir, heç bir əmələ, işə çevrilmir. “Mənlik”, “Ləyaqət” boş sözlərdir. Bu
hiss, bu insani keyfiyyət həqarət
obyektinə çevrilib. Nə “Mənlik”, nə “Ləyaqət”! Bu sözlər gülüş doğurur, lap
ucuz şouların, komediyaların kadrarxası fonoqramında olduğu kimi: ha-ha, he-he,
hiii-hih!
Şekspir deyirdi ki “İndi ləyaqətli olmaq 10 min adamdan biri olmaq deməkdir”.
Bizim zamanda, görəsən, bu nisbət neçənin neçəyə olan nisbətidir?
Müharibə vəziyyətində yaşayan hər bir ölkədə olduğu kimi bizim cəmiyyətimiz
də dərin psixoloji gərginlik, nevroz içindədir. Müvəqqəti olsa da, müharibəni uduzmuş, bir milyon qaçqını olan məmləkətin vətəndaşı
kimi ilk növbədə mənliyimiz, ləyaqətimiz alçalıb. Etiraf etsək də, etməsək də,
bu, belədir. Əslində bu alçalma, təhqirolma hissini yaşamaq çox təbiidir. Ancaq
bir şey var ki, bu hissi məhz mənliyi, ləyaqəti olan yaşaya bilər. Indi fikirləşirəm,
görən adam mənliyini, ləyaqətini itirəndən sonra alçalır və torpağını, vətənini
itirir, yoxsa torpağı, vətəni itirəndən sonra mənliyini, ləyaqətini itirib
alçalır? Ardıcıllığı heç cürə müəyyən edə bilmirəm. Burda, necə deyərlər,
nevroz olmayasan neyləyəsən? Yaxşı ki, dəli olmamışıq!
Yox, axı, deyəsən səhv elədim. Əslində dəli olmağın
əsl vaxtı çatıb. Mənliyini, Ləyaqətini, Şərəfini qaytarmağın yolunda sözün əsl
mənasında Dəlı, Məcnun! Bəli, dəli olmalısan ki, sənin mənliyinə, ləyaqətinə, şərəfinə
təcavüz edən kim olursa-olsun, dəhşətdən bağrı yarılsın. Bu dünyada nə eləyiblərsə,
dəlilər ediblər. Ancaq bu cür dəlilik üçün gərək çox büyük sevgin, eşqin olsun!
O qədər sevgimiz, eşqimiz varmı? Bu
sualı verirəm və bir cavabı eşitməkdən çox qorxuram: - bəli, var! Bu cavabda
gözə kül üfürmək, baş aldatmaq cəhdini, bir sözlə hap-gopu görmək çox kədərlidir.
Bu gün Azərbaycanda pula, vəzifəyə olan istəkdən güclü bir istək, sevgi yoxdur.
Məhz bu istək dəlilik, manyaklıq dərəcəsindədir.
Belə bir bir atmosferdə “mənlik”. “ləyaqət” sözü ancaq gülüş doğurur:- ha-ha,
he-he, hiii-hih!
Ancaq deyilənə görə söz, axırıncı gülənindir.
Bəli, cəmiyyətimiz nevroz içindədir və ətrafımızda
gördüyümüz isteriya, psixopatiya da bunun klassik ifadəsidir. Bu gün Azərbaycan
yaradıcı insanlarının, incəsənətinin də əsas vəzifəsi cəmiyyətə bu xəstəlikdən
çıxmaqda kömək etməkdir. Bunun üçün
birinci növbədə özümüz özümüzlə səmimi
olmalıyıq. Yekəxanalıqdan və yekəbaşlıqdan uzaq olmalıyıq. Etiraf etməliyik ki,
vəziyyətimiz acınacaqlıdır. Və bu etirafdan sonra hiss etsək ki, ləyaqətimizin
alçalmasıyla, mənliyimizin tapdadanmasıyla barışmiriq, və görsək ki, bu hiss bizi yandırıb tökür, onda nəyin
düz, nəyin səhv olduğu haqda düşünməliyik. Yalnız belə olduğu halda bizim
yaratdığımizin bir mənası ola bilər, ləyaqətimiz, mənliyimiz öz yerini tutar.
Hökumət və qeyri hökumət qurumları daha çox rəqəmlərdə
ifadə olunan manipulyasiyaya üstünlük verirlər, hesab edirlər ki,
hesabatlarında rəqəmlərlə gözəl mənzərə yaratmaqla nəyisə həll edirlər. Və adam
başına nə qədərsə nəyin düşdüyünün ya düşmədiyinin artımını fəxrlə bəyan edirlər.
Və bununla mənlik, ləyaqətin ucaldığını güman edirlər.
Yəni 7
manatı olanın mənliyinin 3 manat olandan daha üstün olduğunu düşünürlər. Ona
görə bahalı maşını olan ucuz maşını olana, ucuz maşını olan piyadaya həqarətlə
baxır. Əslində bu hal mənlik və ləyaqəti yoxların əxlaqından doğa bilər. Sözsüz
ki, mən maddi firavanlığın əksinə deyiləm və insanın maddı durumunun daim
artmasının tərəfdarıyam. Ancaq mənim üçün ilk olaraq adam başına nə qədər
haqsızlığın, dərd-bəlanın düşdüyünün hesabını aparmaqdır. Dostayevski demişkən, dünyanın heç bir
firavanlığı günahsız bir körpənin göz yaşına dəyəməz.
Alçaldılan, təhqir olunan insan görəndə çox kədərlənirəm.
Yekəxana, yekəbaş insan görəndə əsəbləşirəm. Beləcə, əsəb və kədər içimi
dağıdır. Məsələ heç mənim halımda da
deyil. Məsələ bu halı ifadə etmək üçün meydanın olmamasıdır.
Gəlin məsələnin cavabını axtaraq.
Cavabi- məsələ:
-
Deyir
çörəyi ver çörəkçiyə birini də üctəlik. Sanki sadə bir həqiqətdir, yəni hər iş
yerini ver bacarana, ustaya, peşəkara. Burda aydın olmayan nə var ki?
-
Ancaq
məncə, burada araşdırılmalı məqamlar var. Əvvəla çörəyi çörəkçiyə kim verməlidir,
onun çörəkçi olduğunu kim müəyyən etməlidir?
-
Yəqin
ki, bu işə səlahiyyəti olan hər hansı bir şəxs.
-
Deməli,
bu məsəli personajlara ayırsaq, burda üç iştirakçının olduğunu görərik. Biri
Çörəkçi, biri Səlahiyyətli şəxs. Biri də “çörəyi ver çörəkçiyə, birini də üstəlik”
deyən - Məsləhətçi.
Bir halda ki, məsəli kiçik bir səhnəciyə çevirdik,
gəlin onun personajlarının mümkün olan münasibətlərini araşdıraq...
II
“Çörəyi ver
çörəkçiyə.”
Səhnəcik.
Səlahiyyətli şəxs - (əlində
çörək çox ağıllı və qayğılı bir pozada, üzülərək): - Çörəyi kimə tapşıraq, bu vacib işə kim
baxsın!? (O əlində çörək üzülərkən əlində bir qəşəng çomaq olan ağsaqqal peyda
olur. O, Məsləhətçidir.)
Məsləhətçi: - Başım çıxmır sən niyə üzülürsən? Bu ki, çox sadə məsələdir. Çörəyi ver
çörəkçiyə, o əlindəki çörəyi də üstəlik. Vəssəlam-şüdtəmam. (Ağsaqqal bu sözləri deyib çomağı üç dəfə yerə
vurur və bu anda digər tərəfdən Çörəkçi görünür.)
Çörəkçi (Səlahiyyətli adama yaxınlaşıb):-
Mən hər cür çörək bişirə bilirəm. ( başlayır
çörək bişirməyə).
Bəli, məsələ sanki həll
olunur. Ancaq problem bundan sonra başlayır.
Səlahiyyətli adamla Çörəkçi yola
getmir. Çörəkçinin nüfuzu artır. Bu, Səlahiyyətli adamın xoşuna gəlmir. O
başlayır çörəkçinin işinə qarışmağa, ona çörəyi bişirməyin qaydalarını öyrətməyə.
Xəmir necə olsun, maya necə olsun, duz necə olsun DİKTƏ eləməyə.
Çörəkçi - Mənim peşəkarlığım, ləyaqət
və mənliyim sən deyən kimi hərəkət etməyə imkan vermir!
Səlahiyyətli adam: - Sənin peşəkarlığın,
ləyaqət və mənliyin boş şeydir!
Bu söhbətdən sonra Çörəkçi işdən uzaqlaşır. Səlahiyyətli adam çörəkbişirməni
öz əlinə alır. Bu işi ala-yarımçıq bacaran,
ancaq ləyaqətsiz və mənliksiz adamları bu işə cəlb edib başlayır çoxlu
pul qazanmağa. Bu iş bütün məmləkətdə genişlənir. Səlahiyyətli adam çörəkbişirənlərin
başbiləni də seçilir. Demə, o məmləkətin
bütün işlərinin BAŞBİLƏNİ adını almaq üçün sino
gedirmiş.
Ancaq bu məmləkətdə çörəyin dadı olmur. Çörək saman dadı verir. Onu yeyən-yeyən
şərəfini, ləyaqətini itirir. Bir gün Səlahiyyətli adam yuxusunda Məsləhətçini görür. Ondan soruşur ki, çörəyimizin
dadı niyə yoxdur, sirr nədədir?
Məsləhətçi - Çox sadədir, diqqətlə qulaq as. Küləklə Ləyaqət
söhbət edir. Külək deyir ki, "Mən bütün dünyanı gəzərəm, bir qitədən digərinə gedərəm, oradan başqa bir yerə. Bəs sən?"
Ləyaqət cavab verir: "Mən bir az başqayam. Getdimsə, qayıtmaram".
Səlahiyyətli adam bir şey anlamır.
Onda Məsləhətçi kədərlə deyir:
Məsləhətçi - Onu bil ki,
ləyaqət, mənlik olmayan yer .....
xanadır və orda çörəyin dadı olmur.
Bəli, əziz oxucu, bu bir səhnəcik-pritça
idi. Ancaq bu pritçada bizim reallıq əks olunub. Yəni səninlə mənim həyatım.
Indiki həyat tərzimizdən az fərqlənən
Sovet İttifaqı deyilən bir məkan var idi. Elə hey çalışırdılar ki, yeni bir
adam – Sovet adamı formalaşdırsınlar. Guya, bostanda xiyar yetişdirirdilər. Bostanda deyəndə, istixanada, yəni parnikdə.
Bir şey çıxmadı. Parnikdən məhsul ala bilmədilər. Yəni, öz düsturlarına uyğun
adam yetişdirə bilmədilər.
Başa düşə bilmirəm, tarixin bu
dərsi indiki əldəqayırma ideoloqlara bəs eləmir? Mən onlara sual edirəm:
-
Siz məndən
parnik xiyarı yetişdirmək istəyirsiniz? Bəlkə sizin özünüz parnik xiyarısınız,
bundan xəbəriniz yoxdur?!
Elə isə qulaq asın!
III
Lakeylərin hökmranlığı.
İnsan təbiəti etibariylə -
Yaradıcıdır. Yaradıcılıq üçün ən əsas şərt
– Azadlıqdır. Ancaq azad insan həyata yaradıcı yanaşa bilər. Ancaq azad insan həyatı
gözəlləşdirmək, xeyrə yönəltmək, bununla da
insanın mənlik və ləyaqətini ucaltmaq iqtidarındadır.
Azadlıq deyəndə ilk olaraq
Vicdan azadlığı başa düşülür. Yalnız vicdan azadlığı olan yerdə başqa
azadlıqlar da ola bilər. Vicdansızlıq hökm sürən yerdə heç bir azadlıq ola bilməz.
Orda ancaq yalançılıq, saxtakarlıq, qanunsuzluq, zorakarlıq inkişaf edə bilər.
Vicdan azadlığı, elədiyin hər iş və əmələ
görə məsuliyyətdir, cavabdehlikdir. Birinci növbədə öz vicdanın qarşısinda məsuliyyət.
Mənlik, ləyaqət hissi də məhz bundan sonra yaranır. Bəziləri yekəbaşlığı, mənəm-mənəmliyi,
yekəxanalığı mənlik və ləyaqətlə
qarışdırırlar. Ancaq onlar çox böyük səhv edirlər. Günlərin bir günü onlar bunu
dərk etmək məcburiyyətində olacaqlar.
Bəli, vicdansızlıq hökm sürən yerdə
çörək, çörəkçidə olmur və ona görə də o məmləkətdə çörəyin dadı da olmur. Özü də
o çörəyi yeyən kimi dönüb olursan üç nöqtə. Dərd orasındadır ki, bu saman dadı
verən çörəyi, daha doğrusu, süfrə artığını, -
sənə zorla yedirtmək istəyirlər. Sən də müqavimət göstərəndə, səndən
inciyirlər, işlər olur fırığ, necə deyərlər xiyar əyri bitir. Deyirlər ki, “yesən
də budu, yeməsən də! Takşto gəl sən, ye!”
Ən böyük dərd orasındadır ki, bu yemləmə
- yedizdirmə işinə sənət adamları qoşulur. Bu mikrafonugöyçəklər, ucdantutma müqtədir-korifeylər... Nə isə!
Qətiyyətlə deyə bilərəm ki, bu
zorla xiyar yemləmə-yedizdirmə əməliyyatında iştirak edən sənət adamları çoxdan
ölüblər heç özlərinin də xəbəri yoxdur. Ölüblər deyəndə ki, xiyarlaşıblar. Onu
da deyim ki, istedadsız insan yoxdur, yerində olmayan insan var. Bütün insanlar
nədəsə istedadlıdırlar və onlar öz istedadlarına uyğun yerdə olanda həm özləri
xoşbəxt olurlar, həm ətrafdakıları xoşbəxt edirlər. Cəmiyyətin quruluşu ədalətli
olanda bu cür insanların sayı artır və cəmiyyət də gözəlləşir.
Problem onda başlayır ki, vicdanın,
haqqın səsi boğulur. Sənətkar haqqın səsinə xəyanət edə-edə, haqqın səsini
çatdıran simasında görünmək istəyr. Bu,
misi qızıl yerinə dürtüşdürmək istəyidir. Yəni, adicə fırıldaqçılıqdır.
Və bu andan mənəviyyatda çevrilmə başlayır. Sənət yoluyla avtoritet qazana bilməyən
sənətkar mənsəb, vəzifə, səlahiyyət
sahibi omağa can atır. Özü də vəhşi bir ehtirasla. O hamını və hər şeyi satmağa
hazır olur, təki nüfuzu olsun. Bu prosesin çox maraqlı mərhələləri var: mənsəb,
vəzifə, səlahiyyət artdıqca, ləyaqət, mənlik azalır, yox olur və bunula da
paralel olan-qalan istedad da boğulur, ölür. Əvvəldə qeyd etdiyim kimi
xiyarlaşma başlayır.
Artıq xiyarlaşmış sənət adamının
geriyə yolu qalmır. Dəhşət bundan sonra başlayır. Bu yaradıcılıqdan qısır
qalanlar ilk növbədə istedadlı və azad adamların qəniminə çevrilirlər.
Bulqakovun “İt ürəyi” romanında çox dahiyanə bir epizod var : Tibbi ekperiment nəticəsində adi itdən insana
çevrilmiş Şarikov yerli bolşevik komitəsinin üzvləri ilə ərazini pişiklərdən təmizləmə
əməliyyatında iştirak edir. Pişikləri axtarmaq üçün onun göstərdiyi istiqamət
komitə üzvlərinin təəccübünə səbəb olur. Ondan soruşurlar ki, hardan bilirsən
orda pişik var? O, bir azdan baş verəcək
divantutma aktının ləzzətini yaşaya-yaşaya cavab verir: - Mən onları ürəyimlə
duyuram!
Azadlığı yaşadanlara lakeylərin
patoloji nifrətini əks etdirən bu dahiyanə təsvir bütün zaman və məkanlara
aiddir.
Azərbaycan cəmiyyətində maraqlı bir
mənzərə var. Incəsənət aləmində məmulaşmağa kütləvi bir meyl müşahidə olunur.
Incəsənət adamları məmur səlahiyyətləri qazanmağa, hakim dairələrdə təmsil
olunmağa can atırlar. Bunun ən əsas səbəbi odur ki, istənilən sənət əsərinin qiyməti və istənilən
sənətkarın nüfuzu hakim dairələrə yaxınlığı ilə ölçülür. Bu, xiyarı zorla
yedirtməyin bir metodudur. Bu Motsartların yox, onu zəhərləyib öldürən Salyerilərin
təntənəsidir. Bu, lakeylərin hökmranlığıdır.
Ancaq əsl həqiqət dahi Füzuli dediyi
kimidir:
“Ol pərivəş kim məlahət mülkünün sultanıdır,
Hökm onun hökmüdürür, fərman
onun fərmanıdır!”
IV
Torpağın sahibi.
Yaradıcılıq prossesi nə qədər
ağrılı mərhələlərdən keçsə də, yaradıcı insan üçün ondan böyük zövq ola bilməz.
Özü də vacib deyil ki, bu nümunə dünya şedevrləri sırasına daxil olsun. Yetər
ki, haqqa zidd olmasın, professional olsun.
Bu gün haqqın yox, zorun tərəfində
olmaq adi haldır. Bu mənəvi aşınma bütün sahələrdə professionallıq baxımından
yarımçıqlıq, səviyyəsizliklə paralel gedir. Bu prosseslər bir-birindən
ayrılmazdır. Ən böyük haqsızlıq elə
qeyri-professionalların iş başında olmasıdır. Zorakılıq elə burdan başlayır. Mənlık,
ləyaqət də burdan tapdanmağa başlayır.
Bəzi şeylər mənə çox qəribə görsənir.
Bax, XIX əsrin axırları XX əsrin əvvəlləri Bakı, Abşeron yarmadası neft bumu
yaşayırdı və Rusiya imperiyasının ucqar bir əyaləti sayılırdı. Azərbaycanda
professional teatrın və kinonun yaranması bu dövrlə bağlıdır. Çox qəribədir ölkəmiz
müstəmləkə şəraitində yaşayanda teatr binaları tikilirdi, yeni truppalar
yaranırdı, kino sürətlə inkişaf edirdi. Bu gün teatrlar birləşdirilmək adıyla
bağlanır, yeni binalar tikilmir, köhnələri isə fasiləsiz olaraq təmir olunur,
teatr truppalarının bu üzdən normal iş şəraiti pozulur və onlar tədricən
deqradasiyaya uğrayır. Kinostudiyanin vəziyyəti isə dəhşətli dərəcədə
acınacaqlıdır. Sovet dövründə “Azərbaycanfilm” kinostudiyası üçün ayrılmış çox
geniş bir sahə bu gün sektorlara bölünüb göydələnlər tikilir, ancaq
kinostudiyanın öz binası bərbad vəziyyətdədir, adam binaya daxil olmağa iyrənir.
Əcəba, prosses tərsinəmi gedir?!
Elə bircə teatrların
inkişafında Bakı milyonçularının gördüyü işə görə onlara möhtəşəm bir heykəl
ucaldılmalıdır. Xırdalığa varmadan böyük
bir məsələni nəzərə çatdırmaq istəyirəm. O dövrdəki milyonçular üzdə idi,
qanunla tanınmışdılar. Yəni, rüşvət və korrupsiya hesabına milyonlar mənimsəyib
gizlənmirdilər. Ona görə mənlik və ləyaqətlə bağlı problemləri indiki qədər
acınacaqlı deyildi. Bir təsəvvür edin, həyətindən
neft fontanı vuran adam dönüb olurdu bu sərvətin sahibkarı!!! Amma indi əhalinin
böyük bir hissəsi, heç öz evinin sahibkarı deyil, necə deyərlər, “qanunsuz
tikilidə” oturub buldozeri gözləyir. Indi özünüz müqayisə edin: o - müstəmləkə
dövrü, bü- müstəqillik dövrü!
Indi siz bir milyonçu göstərə bilərsinizmi
ki, xalq tərəfindən rəğbətlə qarşılansın?! Axı, bazar iqtisadiyyatı
milyonçuların olmasını, rəsmi tanınmasını, cəmiyyətdə hörmətlə qarşılanmasını zəruri
edir. Hamı kölgədədir, xəlvətdədir. Milyonlarla pulu, digər vəsaiti olan var,
ancaq milyonçu olan yoxdur. Ölkənin varlı olması onun vətəndaşlarının varlı
olması deməkdir. Məsələ heç də varın az-çoxluğunda deyil. Məsələ hər işin şəffaf
olmasındadır, mənlik və ləyaqətin tapdanmamasında, təmiz, sağlam rəqabətin bərqərar
olmasındadır.
Bu günkü dəbdəbə görməmişlıyi,
harınlıq təbii sərvətimiz olan neft və qazın hesabınadır. Burda iqtisadiyyatın
düzgün və rasional qurulmağı haqda söhbətin yeri yoxdur. Yaşadığımız ərazidə
neft, qaz və sair sərvətin olmasında heç birimizin nə rolu var, nə də əməyi!
Bununla fəxr etmək gülüncdür. Millət vəkilinin “30 milyon Almaniya üçün böyük
puldur, bizim üçün böyük pul deyil” deməsi tərbiyəsizlikdir. Imkansızlıqdan həkimə
getməyən, dərman pulu tapmayanların yüz minlərlə olduğu bir zamanda buna başqa
nə ad verəsən?
Bütün bunlar ona görə baş verir ki,
çörək çörəkçidə deyil.
Evi başına uçurdulanların faciəsi, cəbhə
bölgəsindən hər gün əsgər və zabitlərin düşmən gülləsindən, ordudakı
nizam-intizamsızlıqda ölməsi və bunun adi hala çevrilməsi, jurnalistlərin qətlə
yetirilməsi, azad fikir sahiblərinin işkəncə və zorakiliğa məruz qalması,
saysız digər faciələr bütün obyektivliyi ilə aşkarlanmasa inkişaf əvəzinə tənəzzülə
uğrayacağıq. Özü də bu mövzular kitaba, ekrana, səhnəyə köçməyənə qədər, incəsənətin
inkişafı mümkünsüzdür. Bilirsiz Üzeyir Mehdizadə adlı fenomenin əsl səbəbi nədir?
Rəsmi sənət nümunələrinin əttökən mövzusuna kortəbii etiraz. Xalq səmimiliyi
girdirməçilikdən çox gözəl ayrır!
Birdəfəlik anlamaq lazımdır ki, bu
günümüzün ən böyük problemi - ərazi bütövlüyümüzun bərpası - Azərbaycan vətəndaşının
mənlik və ləyaqətinin bütövlüyündən keçir! Bu yolda siyasi, iqtisadi amillər nə
qədər böyük rol oynayırsa, incəsənət də o qədər, bəlkə bir az da artıq rol oynayır. Azərbaycan vətəndaşının mənliyini,
ləyaqətini alçaldan, haqqını, hüququnu tapdayan istənilən əməl düşmən əməlidir,
ərazi bütövlüyünün əleyhinə yonəlmiş xidmətdir. Hər bir Azərbaycan vətəndaşı o
vaxt Azərbaycanlı olmağı ilə fəxr edəcək ki, özünü bu torpağın, dövlətin sahibi
kimi hiss etsin!
Подписаться на:
Сообщения (Atom)